Arzu Əsəd : - Vahid Azərbaycanın  yaranması yolu

YAZARLAR 16:37 / 27.06.2025 Baxış sayı: 1517

 

Vahid Azərbaycan qanla, qada ilə, müharibə və ya üsyanla deyil, düşüncə ilə, azərbaycançılıq, türkçülük ideologiyasının beyinlərdə, qəlblərdə dərinləşməsi və yayılması ilə zamanın gedişındə yaranmaqdadır.

Sosial şəbəkələrdə bu qarşısıalınmaz prosesin hazırda bütün vüsəti ilə davam etdiyini çox bariz şəkildə müşahidə etmək olur. Virtual məkanda gecə-gündüz təbliğat və təşviqat bombalarının, raketlərinin atıldığı amansız ideologiya müharibəsi gedir. Müşahidələr onu da göstərir ki, fars-molla ideologiyasının ölkəmizdə tör-töküntüləri çoxdur. Onlar bütün vasitələrlə irticaçı zehniyətin ictimai-siyasi şüurumuza təsirini gücləndirməyə çalışırlar.

Bu mübarizədə onların məğlubiyyəti qaçılmazdır.Əsas odur ki, zaman məcbur edib, onlar illərlə gizləndikləri və orada gənclərimizin beyinlərini zəhərlədikləri düşüncə bunkerlərindən çıxıb bu mübahisə və müzakirələrə qoşulmaq məcburiyyətindədirlər. Din, xüsusilə də, məzhəb ideologiyası sorğu-sual, mübahisə, dialoq sevmir. Onlar Allah və imam adından şəriksiz hökmlərini verib insanları mütilikdə saxlayırlar.

Bu gün isə məğlubiyyətə düçar olduqları bu müharibənin yaratdığı dərin böhran nəticəsində onlar yarım əsrdir ki, məsul olduqları böyük bir ölkənin və onun xalqlarının varlığı və gələcəklərini niyə belə təhlükə qarşısında qoyduqlarının hesabatını verməlidirlər. O rejimlə bərabər onun buradakı qulbeçələri də cavab verməyə məcburdurlar. Hələlik onlar "qara məni basınca" taktikasından istifadə edib haray-qışqırıq salır, oponentərini "sionizmə nökərçilik"də , guya İranın bombalanmasına sevinməkdə ittiham edir, fars-molla rejiminin hələ də güclü olduğunu sübut etməyə cəhd edirlər. Lakin zaman hadisələri duruldub dibdəki mahiyyəti aydın şəkildə üzə çıxarıb. Zaman öz hökmünü verib.Onlar yarım əsr ərzində həyatı və düşüncəni yeniləşməyə qoymayıb zamanı çürütdülər. İndi o çürüntüdən yaranan bataqlıqdan çıxmaq üçün çabalamalıdırlar, cabaladıqca da batacaqlar.

Azərbaycanın tarixi inkişaf potensialı bu günkü ərazisinə sığmır.İmperiya tarixi yaşamış xalq müasir qüvvələr nisbətini də hesablayaraq iqtisadi-siyasi-mədəni genişləndirmələrə yönəlik imperiya təfəkkürünü yaşatmalıdır. Amma Güney Azərbaycanın tarixi yaddaşında ož müstəqilliyi uğrunda mübarizəsində məruz qaldığı keçən əsrin qanlı qlobal xəyanətləri də diridir.Strateji olmayan müvəqqəti nailiyyətlərin eyforiyasına qapılmadan dünyanın inkişaf nəbzini tutaraq. o taylı-bu taylı bütün azərbaycanlıların düşüncə səviyyəsini dəyişikliklər səviyyəsinə çatdırsaq vahid Azərbaycan özlüyündə qansız-qadasız tarix səhnəsinə çıxacaq. Bu strateji istiqamətdə bu gün hər bir düşünən azərbaycanlının vəzifəsi hazırda sosial şəbəkə seqmentində fars-molla rejiminin təbliğatçıları ilə düşüncə mübarizəsini əzmlə, prinsipial şəkildə aparmaqdır.