Günəbaxanlar-  yazdı  Vahid Aslan 

Ədəbiyyat 12:45 / 27.06.2025 Baxış sayı: 1536

Günəbaxanlar

Təzə çiçəkləyib günəbaxanlar,

Məhləmdə hərəsi bir günəş kimi;

Mənim istəyimdən boy verib onlar,

İçib damla-damla şair eşqimi;

Baxıb göy üzünə gülümsəyirlər,

Hələ balacadı, körpədi onlar;

Görən göy üzünə nə söyləyirlər?!.

Yerlərdən göylərə körpüdü onlar;

Onlar şirə verir arılara da,

Sevgilər ürəkdə bal olsun deyə;

Uşaq gözlərini yumur arada,

Səhərlər nəğmə tək doğulsun deyə;

Günəbaxan olun!

Daşsın sevginiz!

Siz ey, dəli dostlar!

Dəcəl insanlar!

Günəşə açılsın səhərləriniz!

Gecəniz xeyirə, günəbaxanlar!

27.06.2025