Sona Vəliyeva : - Təbrizli qızın himn oxuması

Ədəbiyyat 10:39 / 19.06.2025 Baxış sayı: 5388

 

(Məktəb tədbirində şagirdlərin sırasında 7-8 yaşlı Təbrizli bir qızcığaz əlini köksü üstə qoyaraq yaşıdları ilə Azərbaycan himnini sanki bütün Təbrizin yerinə daha şövqlə oxuyurdu...)

Himn oxuyur Təbrizli qız...

Yüz illərin yanğısına

su səpilir...

Yüz illərin qəlb yanğısı sərinləyir.

Bir qızcığaz nəfəsiylə,

məğrur vətən nəğməsiylə,

səs üstündən

eldən – elə yol çəkilir,

Təbriz Bakıya gəlir...

Səf-səf düzülən ordu,

Şükür, qalıb dayanar,

Savalandan əsən yellər,

Gilavara qoşular.

Müjdə aparar çapar,

bir körpənin qəlb səsiylə

Təbriz himn oxuyar...

Bu səsdən bayraq yağar,

Təbriz ayağa qalxar,

Təbriz bayraq qarşılar...

“Şeyx Səfi” xalısından

yola çiçək döşənər,

bir səsin işığından

yollara şəfəq düşər...

Bu səs möcüzə olar,

şimşəkdən qılınc alar,

biçər sərhəd çəpərin,

yox edər Araz dərdin...

Bir səsin haqq qüvvəsi

göz önündə görünər,

Güney – Quzey kədəri,

nəğmə boyu

çiçəklər,

azad bacım, qardaşım,

səs üstündə birləşər...

Ruhun paytaxtı Təbrizin

ümman-ümman arzusun

bu qızcığaz dindirər.

Dədəm Qorqud boy – boylayar,

Qazlıq dağı tərpənər.

Laylam, bayatım mənim,

şikəstəm, ağım mənim,

düymə-düymə çiçəklər,

kədər sevincə dönər.

Bir səsin min diliylə,

Vətən himni səslənər.

Bir qızcığazın

səsiylə,

solan bahar qayıdar,

Şuşam qalib dayanar.

Araz üstən güllər axar,

Səd – sərhəd misra-misra

bu nəğməyə qoşular...

Bir millətin

yüzillik

ayrılığı yox olur...

Bu səs Babəkə qollar,

Səttarxana yol olur...

Şah babamın arzuları,

bu himn ilə çin olar...

Bir qızcığazın səsi

Güneydə dərdi umman,

azadlığı boğulan

bütövlüyə tamarzı,

türkün üsyan nəğməsi,

haqqın qalib gəlməsi,

Bu qızcığazın səsi

birləşən Vətən səsi...