Zəka Vilayətoğlu - Düşünmə ki, daha ürək qocalıb
Düşünmə ki, daha ürək qocalıb
Hələ sevgimizdən söz etməyi var.
Atəşinlə yana-yana, illərdir
Bağrımın başını köz etməyi var!
Üzün görcək lalə sevgim allanır,
Qocalığın qol-budağı sallanır,
Bu məhəbbət il ötdükcə ballanır
Ömrü təravətli yaz etməyi var
Yay gecəsi, ağac altı, yel əsir,
Saçlarından ayrılıb bir tel əsir,
Heç bilmirəm illər hara tələsir,
Yəqin yaşı doxsan, yüz etməyi var!