Lilpar Cəmşidqızı -  QƏZƏL

Ədəbiyyat 18:00 / 15.11.2026 Baxış sayı: 646

 

Bir qarə gözün dərdin çəkməkdən ürək yandı,

Tənhalıq əzəl gündən hər aşiqə zindandı.

Aləmdə cəfa çəkdim, zülmün hələ zəncirdi,

Ruhum doğulan gündən, canım sənə qurbandı.

Bir damcı sudan səhra doymaz, asılar göydən,

Dəryanı içirdən mey, meyxanə də leysandı.

Zəhmət çəkən insanlar, bağbanı olub dəhrin,

Torpağa düşən hər dən sünbüldü və reyhandı.

Qəlbimdə bahar eşqi, aldandı gülüstanda,

Cənnətdə azıb qaldım, çöhrəm hələ əlvandı.

Zərgər seçər aləmdə, mirvarini gövhərdən,

Ayrılmadı dəryadən, ləl'in yeri ümmandı.

Göydən gücün almazsa qartal uça bilməz ki,

İsmin verib aqillər, tərlan elə tərlandı.

Fərmanı verən Şahdır, qullar eləsin taət,

Hökmün verən aləmdə, tək Sahibi- dövrandı.

Gəl, bax məni- bimarə, rəhm eylə bu Lilparə,

Dünyayə güvən yoxdur, hər kəs ona mehmandı.