Zəka Vilayətoğlu - Dostlar üçün belə bir nəğmə...

Ədəbiyyat 18:04 / 10.06.2026 Baxış sayı: 207

 

Getmək asandırsa, get

gözüm hey axtaracaq,

Tapmayınca səni bil,

hər an məndən soracaq...

 

Bəs necə edim ki, o

dolmasın, çağlamasın...

Nəylə ovudum onu

Uşaq tək ağlamasın,

 

De, özünmü gedirsən,

Yolmu aparır səni,

hansı dəli ehtiyac

məndən qoparır səni?

 

Eh, biləsən bu ürək

nə duyğulardan keçir,

Bilirəm, vüsal yolu

ayrılıqlardan keçir.