AY Bəniz ƏLİYAR -BİZİM Əşrəf Veysəlli
Ruhun şaddır yəqin.
Salam bu köhnə dünyaya
Təzə gələn şairlərə.
Söz qanıb mətləb anlayan,
Qədirbilən şairlərə.
Bir nəfəsə min ah çəkən,
Hər sozünü sınaq çəkən,
Kədərə şaqqanaq çəkən,
Dərdə gülən şairlərə.
Əriyib sozə yığılan,
Gözlərinə qan sağılan,
Hər gün təzədən doğulan,
Hər gün ölən şairlərə.
Yaşamaq Günəşi seyr etməyə bənzəyir. Bunun doğuşu və qürubu var. Zirvəsində qar olmadığımız dağlardan tutmuş ta bizi həndəvərinə almayan dərin dəryalardan üzü bəri özümüzü arayıb axtarmaq sevdasına düşdük. Bu sevda yolunda adımıza Şair dedilər. Yaxşıydımı? Pisdimi? Biləmmədik. Amma hiss edirdik ki, hər şey yaxşılığa doğruydu... Yaşamaq bizim üçün yaşlanmaq deyildi. Yaşamaq bir gülü üzmədən ondan ayrıldıqda belə ətrini və gözəlliyini özünlə daşıya bilməkdi, könlünə toplayıb evinə gətirdiklərindi, evinin ən sakit guşəsində, ağzına qədər bəzəkli qablarla dolu olan güzgülü şkafındakı neçə illərdən bəri toz bağlamış xrustal güldünda görə bilməkdi. Hətta hər sabah onun havasını dəyişmək üçün, evinin pəncərələrini açmaqdı. Amma yenə durub eyni yolla öz yolunla getdiyində həmin gülü yenidən öz kolu üstündə yanağı şehli görərsən, gül öz kolunda daha xoşbəxt görünər, hər sabah günəşin şüalarıyla çimib yuyunar, hiss edərsən ki, gül qədər gözəl olmaq ancaq zərif cinsə məxsusdur. Həmin gül sənə zərif cinsin ən ətirli və nazlı Qadınını xatırladar. Sənin keçdiyin yolların üstündə duran Qadını, arxanca boylanan Qadını, səni unudan Qadını, Şeirlərindən sənə gülümsəyən Qadını.
Bir yanda daşqındır, bir yanda yanğın,
Bilinmir baharı, seçilmir qışı.
Soruşan da yoxdur: ey ulu Tanrı,
Niyə dağıdırsan bu dağılmışı?!
Bütün güllərdən gizlənib bütün qadınlardan qaçıb, bu dünyanın yadlarına dost deyərsən, dostlarına bir gün yad çıxmaq qorxusundan ödün ağzına gələcəkmiş kimi “DOST” sınağından da alnıaçıq, üzüağ çıxmağa çalışıb çabalarsan. Güldən keçib, Qadınlardan arınıb, dostlardan üzülüb, ağaclardan addayıb yoluna davam edərsən... Nə qədər ki, ilhamın əlindən tutar, bax, o boyda Özün olmağı bacararsan, heç bir qüvvə səni İlahinin verdiyi təbdən ayrı sala bilməz. Səndəki qüvvə bütün güclərdən ən alisi və ən safı kimi, dağlarının başında qar olmaqdan da təmiz, dəryalarının dərinliklərindən zəngin olmaqdan da bolluq olar... Bizim Şairin də yaşamağı bu boydadı:
Dünyaya gəlib yaşadım,
Ağlayıb-gülüb yaşadım.
Mən yaşayıb ölmədim ki,
Mən hər gün ölüb, yaşadım.
Bizim yol, bizim küçə, bizim kənd, bizim... bizim...
Sizə Əşrəf müəllimdən deyim. Bizim Əşfərdən... Veysəllidən...
Veysəllidə bir oğlan uşağı vardı bir vaxtlar. Qamış atı yaşıl ormanların ən doğma sirdaşıydı. Kəpənəkləri qovalayardı bir sabah xəyalları. Həmin kəndin hər çiçəyi rəngində olan tər kəpənəkləri... Bardaş qurduğu təpədən üzü bu yana kənd ovuc içi kimi görünərdi. Həmin kəndin öz gündüzü varıydı, öz gecəsi, öz dünyası. Göylər qədəriydi arzuları.
Sonra köç düşdü, qış düşər kimi...
Ömür keçər kimi arzular da keçdi...
Söz qaldı bircə...
Sığınmağa heç nə qalmayanda Sözə sığındı Əşrəf Veysəlli. İnsan sevdiklərinin gözünün içinə dik baxar. Gözünün içinə dik baxdı Şeirin də bizim Əşrəf müəllim.
Yazmadığı günü ömürdən saymadı.
Ömür onun qamçı atı deyildi.
Ömür onun bardaş qurduğu təpələri də deyildi.
Həmin kəpənəklər də ömrün qanadlarıydı, bəlkə də, ömür deyildi.
Ömür onun illərlə ürəyində daşıdığı köç yerləriydi: xəyallarında, yuxularında, şeirlərində daşıdığı köç yerləri...
Qanımdadır həsrətin sərt qışları,
Köçkün könlüm harda gəldı- qışladı.
Taleyimin yağdırdığı daşları
Öz yerinə qoymaq ilə məşğulam.
Yaşamadım mən ki yanlış bir ömrü,
İlmə- ilmə, naxış- naxış bir ömrü.
Nə müddətdir tamamlanmış bir ömrün
Qapısını döymək ilə məşğulam.
Dizini qatlayıb bir bəndin süfrəsinə yaxın əyləşirsən. Nə dizin yorulur belə qonaqlıqdan, nə ürəyin üzülür. Kefin kök, damağın çağ... Bolluca nemət var; Tanrı payıdır- sevinc də, kədər də...