Kəmaləddin Qədim - YAMAN XARABA QALMIŞAM...

Ədəbiyyat 12:00 / 10.06.2026 Baxış sayı: 510

 

Mənim son kəs baş qoymağa,

Bir isti ağuşum çatmır...

Qalxıb da haqqa varmağa,

Nə qədər yoxuşum çatmır?..

Gedib, kimlər gəlib, gedib,

Qərib gəlib, qərib gedib...

Ətrafım seyrəlib gedib,

Yanımda tay-tuşum çatmır.

Güc yox səs-səda salmağa,

Ürək yox oda salmağa.

Nəyisə yada salmağa,

Ağlım yetmir, huşum çatmır..

Mən olandan belə vardım;

Həm kətildim, həm də dardım.

Yenə də düşüb-çıxardım,

Çatmır, bərkim-boşum çatmır...

Gedib el-oba, qalmışam,

Söykənib taba, qalmışam.

Yaman xaraba qalmışam,

Üstümdə bayquşum çatmır...