Aida Adıgözəl - O qız bu baharda yenə gəlmişdi.

Ədəbiyyat 16:09 / 10.06.2026 Baxış sayı: 196

 

O qız bu baharda yenə gəlmişdi.

Əlində bənövşə, özü bənövşə...

Elə bil almaydı yarı bölünmüş,

o da boynu bükük rəngi göyərmiş,

bu da gözləri nəm, başı çiynində.

O da kövrəlmişdi üzüldüyünə,

bu da ağlayırdı üzüldüyünə...

O qız bu baharda yenə gəlmişdi.

Gəzirdi Bakının küçələrini,

öpüb oxşayırdı izləri qalmış

köhnə "Sovetski" səkilərini.

Odur həmin ağac, o park, o "zebra",

sakitcə baxırdı doktor Nəriman,

"Zebra"nın üstündə tozlu qəpiklər.

Gözündəki iri günəş gözlüyü,

əlindən yapışan dostu Vəsilə,

onu kor bilirdi keçən maşınlar.

Dodağın dişləyir gülməmək üçün...

O qız bu baharda yenə gəlmişdi.

İçindən keçirdi yenə qatarlar,

xatirə daşıyan trolleybuslar.

Ah Bakı, yenə sən, bomboz divarlar...

Bir kişi səsiydi yuxularında,

onu çağırırdı, "darıxmışam, gəl"...

Bir qız ağlayırdı ürəyində od,

Şüvəlan türməsi qapılarında!

O qız bu baharda yenə gəlmişdi.

Alnın ovuşdurub kədər içində

taleyin yazdığı bəxti pozurdu.

Hər gecə oturub xəyallarında

sözlərlə dərdləşib cümlələr seçib

taleyin yenidən, başqa yazırdı...

O qız bu baharda yenə gəlmişdi...

Mono

Sadəcə xatirədən ibarətmiş sevgi,

yaşa,

bitir

unudanacan xatırla.

Kaxovka SES-i kimi partlamış ürəyimlə

üzürəm

Dneprin sərin sularında darmadağın düyğularımın içində...

narın-narın axan dalğaların qucağında

ləngər vuran cəsədimmi, ruhummu bilmirəm?! Göydən bir səs çağırır məni:-

Gəl...

Qarşımdakı plitka şokolad qara gözlərini süzdürərək şipşirincə üzümə gülümsəyib pıçıldayır:

- ye məni...

Şokoladı ağzıma aparıram,

barmağımın ağrısından dişlədiyimi

hər şirin görünənin asanlıqla yeyilən olmadığını anlayıram...

Ahh, zənci qızı...

Üsyankarlıq, dalaşqanlıq ruhumda idi,

nə mən davalarımdan qopub səninlə anlaşa bildim,

nə sən məşuqələrindən zaman çalıb məni sevə bildin...

Bağışla məni,

bütün körpülərin iki keçidi var,

irəli və geri...

Əlifbada bütün hərfləri tapdım,

təkcə O yox idi...

Bəlkə də elə təqvimin bu günü idi,

ömrümüzün hansısa saatında

bu dəqiqələrdə ya yemək yeyirdik,

ya Bakının küçələrində

keçmiş xatirələrinin gizləndiyi yerləri gəzirdik,

ya da bir-birimizə şirin-şirin mesajlar yazıb

oxuyub gülümsəyirdik...

"Həyatmı qəribədir, talemi"- desən?

Mən - gəldiyimiz yol - deyərdim.

Bax indi bu sətirləri yazarkən

sifətimin bir üzündə ağrıyla dolu acı gülüş,

bir üzündə isə həsrətlə dolu həyəcan var.

Əllərim buz kimi,

çayım soyumuş,

gözlərim yumulu,

xatirələrimlə baş-başayam.

İlahi, içində bir ömür var, bir ömür...

Haçan keçdi, necə keçdi...

Soruşsan necəyəm?

Deyim...

Kürün suyu kimi soyuq və burulğanlı,

rəngim Mollakənd torpağı kimi bomboz,

Bakının xəzrisi kimi özünü hara necə gəldi çırpan,

özü dəniz olub içində okeanlar çalxalanan Xəzər kimi təlatümlü!

Bəlkə də elə Qız Qalasıyam.

İçimdəki Mən məndən qopub intihar edib min ildi...

Amma yox!

Hardansa qulağıma

Nəsiminin səsi gəlir,

-"Məndə sığarikən cahan, mən bu cahana sığmazam"...

İndi elə bir sükutdur ki,

susmuş cəng sonrası bütün qoşun.

Saysız-hesabsız

cəsədlərin üstündə gəzir qarışqalar,

qan iyinə bayılmış milçəklər...

Xıxırdılmış dəvələr

qənimət kövşəyir sükut içində cəngin səssizliyini.

Döyüş meydanında

bir xəstə qoca təlxək qalmış,

bir də uzaq məmləkətdə müjdə gözləyən

ağlını itirmiş qarının çaparları...