Firudin - Ağazadə - Bir az uzaqlardan...

Ədəbiyyat 12:30 / 10.06.2026 Baxış sayı: 534

 

Heç bilmirəm adamları nəyimdi,

Küləkləri kamanımdı, neyimdi.

Aman, könül, bu küçədə dəyibdi

Daşa, ilk məhəbbətim.

Tələbəydi, gecə-gündüz bilmədi,

Bir qız üçün öləcəkdi, ölmədi.

Qarayanız oğlan idi, gəlmədi

Xoşa, ilk məhəbbətim.

Sevən üçün eşq əzabı nə yükdü?

Xəyalın da səadəti böyükdü.

O günlərim bir firuzə üzükdü,

Qaşı, ilk məhəbbətim.

Bu həsrətin odu mənəm, suyu mən,

Heç bilmirəm hara çəkdim soyu mən.

İllər keçə, bu atəşdən soyumam!

Yaşa, ilk məhəbbətim!