YOLLAR QUCAQLAYIB KÖHNƏ İZİMİ - Sevinc Qərib

Ədəbiyyat 21:33 / 07.10.2026 Baxış sayı: 599

 

Yoldumu izimi çəkib aparan,

Mənəmmi bu yolun inadın qıran?

Kimiydi yanımdan ötdü çaparaq,

Kimiydi uzaqdan əl edib duran?

 

Yol məni, mən yolu gedib bitirdik,

İndi ayrılırıq bir tin başında.

O məndə, mən onda itib gedirdik,

Fərqində deyildik yayın, qışın da.

 

Fəsil tanımadıq, il tanımadıq,

Qarı ayaqlayıb, buzu adladıq.

Kölgəni yurd seçib daldalanmadıq,

Küləyi belindən iki qatladıq.

 

Keçdik keçilməzi, tərsi ram etdik;

Aşdıq olmaz adlı aşırım səddi.

Qismətə bölünməz kəsri tam etdik;

Hasil ömrümüzdə qoşa ədəddi.

 

Mənəmmiş yanımdan tələsik keçən,

Mən yola düşəndə saçım qaraydı.

Dünən zirvədəki qartalı seçən

Göz indi bilmədi hara haraydı.

 

Belə unudurmuş insan özünü,

Belə ötüşürmüş illər xəbərsiz.

Yollar qucaqlayıb köhnə izimi,

Təzə iz qoymağa ayaq təpərsiz.