Elnur Astanbəyli - "Pis havalar" silsiləsi
1. Ağırlıq
Son qəpiklərimi də xərclədim –
iki dənə siqaret aldım, bir çörək;
sanki indi şalvarım düşəcək
bomboş ciblərimin ağırlığından...
2. Boşluq
Uşaqlar bir az da
ailə fotolarında
kişi ilə qadın arasındakı
boşluğu doldurmaq üçün
doğulurlar...
3. Divar saatı
Hərdən divar saatının
yerindən özümü asmaq
keçir ağlımdan –
bəzən boş zamanları
öz bədəni ilə
doldurmağı bacarmalı insan!..
4. Elegiya
Bir payız günü
babam öldü...
Gözləri
qoşa pəncərə kimi
günəşə örtüldü –
evimiz qaranlıqda qaldı,
günəşimiz soyuqda...
5. Və...
Nə sərxoş idim,
nə də yorğun,
sadəcə
qəfildən ürəyim istədi
yanından keçdiyim çoxqatlı binanın
bumbuz divarına söykəndim -
soyuqluğu
dalğa-dalğa yayıldı bədənimə
üşüdüm
və
üşəndim:
sanki dünəndi
Müşfiqin zalımca güllələndiyi
Hadinin xəbərsizcə öldüyü...
və
nə qədər xatırlamağa çalışsam da
düşmədi yadıma
sonuncu dəfə
gözümün içinin nə vaxt güldüyü!..
6. Yuxuyozma
Dalbadal
üçüncü gecədir
yağış yağır yuxularımda,
sonra da
burnuma quru ot qoxusu dəyir...
ağlayıb ayılıram...
Ayılıb anlayıram:
bu səs-küylü
boz-bulanıq şəhərdən
çox uzaqda –
uşaqlığımın keçdiyi,
yağışdan sonra
quru ot qoxuyan,
qaratoyuqlar oxuyan
o doğma yerlərdə
məni çoxdan unudublar...
7. Son
Yollar, siz gedin,
mən yorulmuşam...
/noyabr, 2014 – iyul, 2015/