Adilə Nəzər - DƏRDİ VAR
Adamın adam dərdi,
Quşun da quş dərdi var,
Gəlməsin, kimsə dərdə,
Gələrsə tuş, dərdi var...
Bəndəlik eləməkçün
Savabla yu, hər suçun.
Dərdi unutmaq üçün
Mey olsa, nuş, dərdi var...
Gözün giryan yerində,
Ruhun üryan yerində
Yurdun viran yerində
Gəzər bayquş, dərdi var...
Meydi, içib gedirlər,
Yoldu, keçib gedirlər...
Bir-bir köçüb gedirlər,
Bir az tay-tuş dərdi var…
Tanrının quşu varsa,
Quşun da huşu varsa...
Sevginin xoşu varsa,
Xoşun da xoş dərdi var...