Məmməd Qədir -MƏNİM

Ədəbiyyat 12:16 / 07.10.2026 Baxış sayı: 773

 

Məni yana - yana qoyan gözəlim,

Necə keçəcəksən yanımdan mənim?

Səni nəfəsimlə içimə çəkdim,

Çətin ki, çıxasan canımdan mənim.

 

Qumrular oxuyur son baharımda,

Sarı sim göyərib könül tarımda,

Toxunma, eşq axır damarlarımda,

Sevgi fışqıracaq qanımdan mənim.

 

Böyütdüm, bəslədim çiçəklərini,

Sevgiyə öyrətdim böcəklərini,

Arı tək qoxladım ləçəklərini,

Bal kimi axırsan şanımdan mənim.

 

Sönmüş bir ocağa qor gətirmisən,

Ziyanı, işığı gur gətirmisən,

Qaranlıq dünyama nur gətirmisən,

Günəş tək doğmusan danımdan mənim.