Vətənini  canından artıq sevən  Kənan

YAZARLAR 12:55 / 27.08.2026 Baxış sayı: 1361

 Zəfər şəhidi Kənan Yalçın oğlu Rüstəmlinin adı çəkiləndə xalqımız  iftixar, qürur hissi keçirdir. 44 günlük haqq savaşımızda  parlaq qələbəmizin  mərdlik, qəhrəmanlıq simvoluna dönən Kənan Rüstəmli  Biləsuvar rayonu,  Əsgərabad kəndində dünyaya göz açıb.  Şanlı tarixə malik  bir xalqın rəşadətli oğlu   ömrünün 21-ci ilində Vətənin, millətin yolunda  şüurlu surətdə canından keçərək  milyonların  ürəyində  özünə əbədi məkan qurub.

Əzəl gündən  həyatın dəyərini Vətənə, xalqına təmənnasız  xidmətdə görən Kənan Rüstəmli  doğulub boya-başa çatdığı  doğma  kəndində Saleh Babayev adına tam orta məktəbi bitirdikdən sonra Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsinə qəbul olunub. BSU-da ali təhsil alarkən nizam-intizamlı, elmə, təhsilə ciddi maraq göstərən, universitetin sosial-mədəni həyatında fəal iştirak edən bir tələbə kimi seçilib, tanınıb.  Yaratmaq eşqi, xeyirxahlığı, qayğıkeşliyi də həmişə bilinib. Həmçinin Kənan  İdmana xüsusi maraq verib, boks və güləşlə məşğul olub, qatıldığı  yarışlarda qazandığı qələbələrlə yadda qalıb.  Nəyə can atıbsa, yalnız  millətin, Vətənin  xoşbəxtliyini düşünüb. Gələcək yolunun düzgün istiqamətini  başqasına işıq olmaqda görüb. Xarakterində olan məhz bu keyfiyyətlərinə görə  əsl övlad məhəbbəti ilə  sevilib, hər yerdə ona dərin ehtiram göstərilib.

Ali təhsil alan Kənan Vətən torpaqlarını  düşmən tapdağından  xilas etmək arzusu ilə  ordu sıralarına yazılıb. Əsgərliyə cəbhə bölgəsində başlayıb. Əlinə silah götürən gündən fədakarlıq, mərdlik göstərib, təlimlərdə qürur, heyrət doğuran məqamları onu    komandirlərin, əsgərlərin yanında başı uca edib. Bir neçə dəfə qatıldığı xüsusi tapşırıqların icrasında  cəsurluğu, igidliyi sahəsində  uğur qazanıb.   Həm də Azərbaycanın hər qarışını canından əziz bilən əsgər Kənan Qarabağın azadlığı naminə səngərə erməni dığalarla  döyüşə  can atıb, son damla qanına qədər onlarla vuruşub qisas almağa and içib və bu müqəddəs yolda şəhid olmağı  özünə şərəf bilib.

Nəhayət,  2020-ci il sentyabrın 27-də illərlə arzusunda olduğu gün yetişib. Vətən müharibəsi başlayanda  artıq döyüş hazırlığına malik bir əsgər kimi yağının üstünə gedib. İlk ölüm-dirim savaşı Murov  silsiləsindəki yüksəkliyin alınmasında olub. Erməni dığalarına sarsıdıcı zərbələr endirib,  çoxlu sayda yaraqlısını məhv edib. Azad edilən ulu torpaqlarda Azərbaycan bayrağı ucalanda  yağıya qarşı daha da amansız vuruşub.  Ən çətin vəziyyətdə belə  ruhdan düşməyib,  ölümə meydan oxumaqla  qarşıya qoyulan tapşırıqları vicdanla  yerinə yetirib, qələbəyə doğru  şücaət göstərib, onunla  çiyin-çiyinə  vuruşan əsgərlərə nümunə olub.

 Vətənə, torpağa məhəbbəti sayəsində  neçə-neçə  ağır sınaqdan  zəfərlə  çıxan, döyüşdən-döyüşə bərkiyən Kənan Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən müharibədə, sözün əsl mənasında,  erməni dığaların  başına od ələyib. Oktyabrın 31-də  onun Vətənə sevdalanan ürəyi Xocavənddə  gedən  şiddətli döyüşlər zamanı gülləyə tuş olub və əbədi olaraq dayanıb. Ölməzliyə qovuşan qəhrəman  doğma  kəndində  torpağa tapşırılıb.  Adı dillərdə nəğməyə dönən Biləsuvarın İgid oğlunu dövlət də "Vətən uğrunda", "Cəsur döyüşçü" və digər medallarla təltif edib.

Azərbaycan xalqının müasir tarixinin şərəf və qəhrəmanlıq salnaməsi olan Vətən müharibəsində qazanılan şanlı zəfərdə  Kənan Rüstəmli kimi mərd, cəsur, vətənpərvər övladlarının xidmətləri misilsizdir. Onun mənalı və şərəfli həyat yolu qərinələr   bir-birini əvəz etsə belə, heç vaxt unudulmaz və   yetişməkdə olan gənc nəsil üçün örnək  olacaq.

 

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü