Məmməd  Qədir - Görmür

Ədəbiyyat 12:30 / 27.08.2026 Baxış sayı: 1377

 

Mənə neyləmisən, zalımın qızı,

Gözüm ayağımın altını görmür,

Sevgin pərdə çəkib baxışlarıma,

Başqa bir xanımı, qadını görmür...

 

Şəklini gəzdirir simalar, üzlər,

Hər gözəl üzündə hüsnünü gizlər,

Sevgi eynəkləri geyinən gözlər,

Doğmasını görmür, yadını görmür.

 

Demə uçuq koma imarət imiş,

Dunya təkcə səndən ibarət imiş,

Aşiqlik ən gözəl ibadət imiş,

Sevməyən cənnətin dadını görmür.

 

Sevinir, ağlayır, çırpınır adam,

Bir süzgün baxışa tapınır adam,

Sevgi dünyasına qapanır adam,

Aşkarı anlamır, aydını görmür ...

 

...Mənə neyləmisən, zalımın qızı,

Gözüm ayağımın altını görmür.

Sevgin pərdə çəkib baxışlarıma,

Başqa bir xanımı, qadını görmür ...