VAQİF  OSMANLI : -   ONUN  POEZİYASI  SƏMİMİ  ÖZÜYLƏSÖHBƏTLƏRDİ...      

YAZARLAR 15:34 / 21.03.2024 Baxış sayı: 2583

                                                                                                                ƏBÜLFƏT  MƏDƏTOĞLU – 65

     Esmira Məhiqızı yazır ki, bütün açıq yaralarıma şeir basıram, cızzz... eləyir. Əbülfət Mədətoğlu da açıq yaralı şairdir. Bir qərinə idi ki, Qarabağ həsrəti açıq yaralarının qaysaqlanmasına imkan vermirdi. Torpaq, yurd sevgisini həmişə oyaq saxlamağın həssas yolu isə ilahi sözdən keçir. Nəhayət xalqımıza Zəfər sevinci bəxş edən 44 günlük Vətən müharibəsi şairin yaralarına məlhəm oldu.

     Ömür evinin 65-ci pilləsini də keçən, Qarabağın cənnətməkanında - Tuğ kəndində doğulan, ilk addımlarını atan, Qarabağın saf havasını uda-uda nərmənazik bayatı zümzüməli söz bulağından içən, o vaxtdan qəlbində söz böyüdən Vətən şairi, vətəndaş şair, publisist, jurnalist Əbülfət Mədətoğlunun payız ömrü 60-dan sonra baharlaşdı.

 

                                    Bu payız ömrümün baharı oldu,

                                    Gözü aydın olsun torpağın, daşın!..

                                    QƏLƏBƏ əbədi vüqarı oldu –

                                    Sildi Qarabağım, gözünün yaşın!..

 

     Elə bir zamana yetişdik ki, artıq “dünya möhtacdı TÜRKƏ!” Türk titrəyib özünə dönüb. Bu düşüncələrimi qələmə alanda nə xoş ki, “Qarabağ” da Avropanın futbol meydanlarında təkcə avropalılara  deyil, dünyanın digər qitələrindən Avropaya axışan futbolçulara futbol masterklası keçirdi. Əvvəl Portuqaliyada, sonra da Almaniyada. 38 oyun məğlubiyyət nədi bilməyən Alonsonun rəngi oyunun son dəqiqələrində gah saralır, gah da qaralırdı. “Qarabağ”, Qurban Qurbanov “Bayer” və Alonsonun qara kabusuna çevrilməkdəydi. Elə bu vaxt ingilis Teylor Alonso üçün sehirli Simurğ lələyinə çevrildi...

     Şəhidlərimiz, qazilərimiz, xalqın birliyi, “dəmir yumruq”la bərabər “Qarabağ” da Qarabağın adını ucaltdı, dünyaya tanıtdı. Döyüş meydanında olduğu kimi, futbol meydanında da dominantlıq etdiyimiz günlər başladı. Bəli, Əbülfət Mədətoğlu, “şəhid ruhlar əsgər dostları ilə birgə səngərdədi, sərhəddədi”, həm də Qurbanovun cəngavərləri ilə.

     Əbülfət müəllimin poeziya kəhkəşanına baş vurub söz inciləri axtaranda yuxarıda yazdıqlarımı müqəddimə kimi qəbul etməyin. Bütöv olanda, qələbə sevinci yaşayanda, Vətən torpağının hər qarışına addımlarımızı qətiyyətlə atanda insan da güclü olur, onun həqiqi söz dünyası da. Bu gün “Qarabağ” da qalibdi, Əbülfət Mədətoğlu da.

     Onun poetik duyğuları cürətlidi, ürəklidi, səmimidi, rəvandı, V.Korolenkonun qənaəti ilə desək, poetik dili qısa, yığcamdı, musiqilidir. Onun “ahları da şeir kimi oxunur”. Sözü sərraf kimi seçir, misraları yersiz yükləmir. Aydın yazır, A.Kamyu demişkən, dumanlı yazmır ki, yazdıqlarının şərhə ehtiyacı olsun. Onun sərvəti tükənməzdi:

 

                                    Bir qələmdi, bir dəftərdi, bir də söz,

                                    Dil-dodaqdı, bir ürəkdi, bir də söz...

                                    Bir baxışdı... nə gərəkdi burda söz -

                                    Həm pərvanən, həm dəlinəm mən sənin!

 

     Əslində onun baxışı da sözdü, sevgisi də, sevgiilisi də. Sözə elə vurulub ki, sözünü boynubükük, “yetim” qoymayıb.  “Dərd onu dişinə vursa da, çətin sınandı”, çünki ömür marafonunun “önündə Ümid qaçır”. Onun “həyat mənzərəsi”ni görümlü, ecazkar edən əlahəzrət söz ondan ayrı qala bilmir, söz vəfalı sevgilisini tapıb, onunla qol-boyundu, şair kimi söz də yaradıcısına sadiqdi.

 

                                    Bəxtin həlimitək, həm də sərti var,

                                    Fikir ümumi var, fikir fərdi var.

                                    Əbülfət olmağın bircə şərti var -

                                    Olasan qələmlə aşina hər gün.

 

     Onun poeziyası səmimi özüyləsöhbətlərdi, zamanla dialoqlardı,  “ürək təndirini yandırıb Ümid kündələrini düzür” ora, sözə sığal çəkə-çəkə, bişirə-bişirə, “əlini sözünün üstünə qoyub” özününküləşdirir. O, sözün sehriylə zamanı ram edib, “əlini sıxıb, zamanın səsi çıxmır”. Söz - “sinəsindəki yük” ən azı yarım əsrdi ki, “köhnə ortağıdı, “söz kənkanlığı” onun artıq köhnə peşə”sidi - şərəfli peşəsi. Onun sözə məhəbbəti qələmlə, kağızla ülfət yaratmaqla bitmir, ürəyi ilə nikah bağlamağa məcbur edir. Əbülfət müəllimin “fikir ağacı” həmişəyaşıldı, ətrafa saf söz oksigeni paylayır:

 

                                    Hər gün asıldığım fikir ağacı,

                                    Daha budaqların əzizim olub...

 

     Hər şair ömrünə bir fəsil biçib. Əbülfət Mədətoğlu da payızı seçib - özünün ömrü kimi barlı-bəhərli payızı. Yazdıqları da o fəslin ovqatıdı. Əksər duyğuları həzin “payız yağışının bir notu, payız gecəsinin tənhalığı” kimi mübhəmdi. Sözə təşnə ürəklərə bu notlar əsl söz içirdir. Bəzən söz “elə kövrəlir ki, bulud görüb utanır”. “Bu yağışlı gecədə içini xəyal yuyan” şairin sevgilisinə xitabı oxucunu duyğusal edir:

 

                                    Məni sənintək ancaq -

                                    Bu gecə xəyal duyur.

 

     Bir payız gecəsi şair “səhəri açmağın yolunu tapıb - xəzəl sayır”. Sarı yarpaq fəlsəfəsinin dərinliyinə çox söz adamları baş vurub. Hər biri də bu fəlsəfənin yeni çalarını tapıb. “Budaqlar yarpaq əllərini itirsə də, hər xəzəl vida pıçıldasa da, vədə caynağı öz işini görsə də”, şair həyatın davamına tam əmindir:

 

                                    ...Saydığım xəzəllər dan yerinədək,

                                    Məni haldan-hala daşıyacaqdır...

                                    Payız gecəsində yağan yağışlar -

                                    Torpağa qarışıb yaşayacaqdır!..

 

     Duyğularının köhləni onu uşaqlıq illərinə - Tuğlu dönəmə aparır - quzu otaran çağlara:

 

                                    Ürək hisslərə yayladı,

                                    Ah özü də bir layladı.

                                    Qəmi o, elə hayladı -

                                    Elə bil quzu otarır.

    

     Onun sevgi şeirlərinin bir ünvanı var: “Bir qadın”. Kimdir o? Şairin ömür-gününə “nur qatan səhəridi”. Əbülfət müəllim “bircə dəfə öz sözünü yeyib - “Bir qadın “Küsərəm ha...” deyəndə...” O şeirləri sanki 15-20 yaşlı Əbülfət yazıb. O vaxt qartal qanadlı Əbülfət bir göz qırpımında dərələrdən sel kimi, təpələrdən yel kimi ilk görüşə tələsərdi. Bu gün isə daha ağırtaxtalıdı:

 

                                    Görüşünə tez çatmaqçün bu səhər -

                                    Sifarişlə çağırmışam metronu!..

 

     Şairin “sevgi adlı varı”ndan başqa nəyi olar ki? Əbülfət Mədətoğlunun ilahi sevgisi “məhəbbət fəzasıdı”. Həm də:

 

                                    Namazım sevgidi həmin o gündən -

                                    Bəs onda de nəyin qəzasıdı bu?

 

     Könlünü həqiqi sözə verənlərin ovqatı zamanın barometridi. Söz gerçək həyatı əks etdirməsə, zamanın nəbzini tuta bilməsə heç yaradıcısı qədər də yaşaya bilməz. Əbülfət Mədətoğlu “Allahla öz arasında ürəyini bölən, özü özündən nə umduğunu çox dəqiq bilən” şairdi. Onun ürəyi həmişə narahatdı: “Bu dünya niyə cırlaşır? Gözündən kədər süzülən, üzündən qayğı tökülən” dünyanın “canına həsrət dırmaşır”.

 

                                    Artdıqca əsrin bəlası,

                                    Dağılır mifi, qalası.

                                    Bilmirəm, adam balası,

                                    Bu dünya niyə cırlaşır?

 

     Şair insanlığa, həm də söz alveri ilə məşğul olan həmkarlarına tövsiyə edir:

 

                                    Götürək hərəmiz qələmin birin -

                                    Böyük hərflərlə yazaq - ADAMAM!

 

     Söz dünyası cahandan nəhəngdi. Doğulandan üstündən neçə-neçə min saatlar keçib Əbülfət Mədətoğlunun, onu 65-ə çatdırıb. 65 ildə “ömrünü biçib-tikən” şairin “əyninə sığmayır ömür”. Söz mülkü yaradanların ömrü rəqəmlərə sığışmaz. Əbülfət müəllimin  də - “ömrün söz sükanını əbədi behləyənlərin” belə ömür sahibi olacağına əminəm. Nə olsun ki, onun “yazı masasının üstündə sıralanıb bir ovuc, bəlkə də bir dəstə dərman...” Ağrılar şairin çörək ağacıdı, həm də taleyi...

 

                                    Ağır taxtalıdı baxanda belə,

                                    Dillənib söyləmir bir kəlmə “yox, hə”!

                                    Maraqdan girincəm özüm də elə -

                                    Məndə bəyənməli nə görübdü, nə -

                                    65?

    

     Həqiqi söz, bəşəri duyğular görübdü, Sizin çöhrənizdə, ürəyinizdə, Əbülfət Mədətoğlu. Axi Sizin “ömrünüzün adı  Eşqdi!”

     “Ahları körpü etmək” hər söz adamının işi deyil...