Təranə Məmməd - Ölsəm məzarıma çiçək gətirmə

Ədəbiyyat 10:12 / 10.05.2026 Baxış sayı: 263

 

Bir çiçək yağışı yağdır başıma,

Qoy güllər leysantək üzümə axsın.

Lalələr düzülsün ipək saçıma,

Yasəmən kövrəlib gözümə baxsın.

 

Boynuma taxılsın inciçiəçəyi,

Bənövşə dərdini mənə söyləsin.

Dağılsın güllərin incə ləçəyi,

Titrəsin ürəyim, qəlbim göynəsin.

 

Xalıtək sərilsin qarşımda çəmən,

Təbiət əliylə şəklimi çəksin.

İslanım bu çiçək yağışında mən,

Vücudum güllərin ətrini çəksin.

Güllər təravətin səpsin üzümə,

Toxunsun çiynimdə çiçəkdən tirmə,

Sağ ikən çiçəklər yağsın üstümə,

Ölsəm məzarıma çiçək gətirmə!