Təranə Məmməd - Nişanlı qız

YAZARLAR 10:01 / 12.10.2026 Baxış sayı: 754

 

Onlar qəbristanlıqda görüşdülər. Şəhid məzarını ziyarət edərkən. Şəhid anası və şəhidin sevdiyi qız.

Dözülməz dərdi olan iki insan. Müəyyən bir həyat dövrünü yaşamış ana və tamamilə təcrübəsiz, müstəqil həyatda hələ təzə-təzə addımlayan cavan qız. İndi onları bir-birinə ölməz şəhidin ruhuna olan sevgi bağlayırdı. Hər ikisi sevdikləri insanın bir daha geri dönməyəcəyini dərk etdikcə onlarda şəhidin ölməzlikliyinə inam daha da artırdı.

Hər dəfə məzarı ziyarət edəndə onlar ağlayır, sızlayır və sonda sakitləşib ürəklərindəki ən vacub sözləri şəhidə susaraq deyirdilər...

Bu dəfə də onlar sakitləşib şəhidin şəklinə diqqətlə baxır və ürək sözlərini çatdırırdılar.

Birdən, ana bayaqdan əlində saxladığı qırmızı lentlə bağlanmış qutunu qıza uzadıb:

- Bunu sənə almışdı oğlum. Sənə də çatmalıdır. Götür! Ancaq bil ki, onu mənə geri qaytarsan səndən incimərəm... - dedi.

Qız gözlərinin yaşını silib qutunu qadından aldı və açdı. Qutunun içindəki qızıl nişan üzüyünü götürüb ona diqqətlə baxdıqdan sonra üzüyü qadına qaytardı.

Paramparça oldu ürəyi qadının. Sanki ürəyinə dağ çəkildi. Qadının gözləri qaraldı, başı fırlandı. Lakin o, özünü ələ alıb üzüyü geri götürdü. Qutunu da qızdan alıb üzüyü qutuya qoymaq istərkən qız ağappaq incə əlini qadına uzadıb:

- Onun əvəzinə o üzüyü barmağıma siz taxın, ana.

Qadın özünü saxlaya bilməyib hönkürdü. O, əlləri əsə-əsə nişan üzüyünü şəhid oğlunun sevdiyi qızın barmağına taxdı. Onlar qucaqlaşıb ağladılar...

Artıq bir ildir ki, nişanlı olan bu qız bilirdi ki, heç vaxt xoşbəxt olmayacaq. Çünki o gün, sevgilisinin məzarı üstündə barmağına nişan üzüyünü taxmaqla ömürlük tənhalığa qol çəkmişdi. Onu da bilirdi ki, heç vaxt gəlinlik paltarı geyinməyəcək, heç vaxt ailə səadəti yaşaya bilməyəcək və heç vaxt heç kim onu ana deyə çağırmayacaq...

Bu qeyri-adi nişanlılığa təəccüb edib qızı qınayanlara “Ömür boyu şəhidə, onun ruhuna sadiq qalıb, onun qeyrətini qoruduğum üçün mənə kim nə deyirsə desin! - deyə cavab verirdi nişanlı qız...