Ağamir CAVAD - ƏSGƏR ÖMRÜ

YAZARLAR 09:27 / 12.10.2026 Baxış sayı: 809

 

                                                                                  MÜŞFİQ MƏMMƏDOV - 55

İlk dəfə onu əsgər paltarında görmüşəm. Əsgər kimi mətin və qürurlu. 1992-ci il Lənkəran Dövlət Universitetinin humanitar elmlər fakültəsinin qiyabi şöbəsinə daxil olmuşduq. İlk imtahan sessiyasında cəbhə xəttindən birbaşa sessiyaya əsgər paltarında gələn bir tələbə yoldaşımız da vardı. Cəbhənin ağrı-acısını, səngərdə keçirdiyi yuxusuz gecələrin yorğunluğu qürurla daşıyan bu tələbə əsgər hamımızın sevimlisi idi. Oxuduğumuz altı il ərzində o, bir dəfə də olsun müəllimlərdən Qarabağ döyüşçüsü kimi qiymət ummadı. Nə qədər çətinliyi olsa da, imtahanlara həmişə əsgər kimi hazır gəlir, yüksək qiymətlər alırdı. Zahirən sakit görünsə də qəlbində tufanlı bir ümman çağlayırdı. Universitetdə keçirdiyiniz poeziya məclislərində oxuduğu "səngər şeirləri" heç vaxt yadımızdan çıxmır. Xarakterindəki cəsarət yaradıcılığına da hopmuşdu. Cəsarətli, gözəl şeirlər yazırdı. Şairlik iddiasından isə uzaq idi. Həmin oğlan bu gün də həqiqəti söyləməkdən çəkinməyən, əlinə cəsarətlə qələm alıb gözəl poeziya nümunələri yaradan Müşfiq Məmmədovdur.

Müşfiq Lerik rayonunun Cəngəmiran kəndində yaşayır və doğma kənd məktəbində ixtisası üzrə Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyir. Rayonun sayılıb-seçilən, tanınmış müəllimlərindəndir. Müharibə veteranı kimi də böyük nüfuza malikdir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Respublikanın müxtəlif qəzet və jurnallarında ara-sıra bədii və publisistik yazıları ilə çıxış edir. Ancaq onun ruhu şeirə bağlıdır. O öz sözünü şeirdə daha sərbəst, daha sərrast deyə bilir. Əsgər kimi atdığı söz gülləsi heç vaxt hədəfdən yan keçmir.

Müşfiq Məmmədovun yaradıcılığına diqqət yetirsək, onun mövzu dairəsinin rəngarəngliyinin şahidi olarıq. Bu rəngarənglikdə ən tünd boya isə vətənpərvərlik mövzusunun əsas xətt kimi özünü göstərməsidir. Onun istər təbiət və ictimai məzmunlu, istərsə də məhəbbət şeirlərinin ideyasının alt qatında da vətən sevgisi, vətəndaşlıq qayəsini görürük.

Müşfiq cəmiyyətdəki ictimai haqsıslıqlara, məmur özbaşınalığına, qanun pozuntularına, riyakar münasibətlərə dözmür. Qələminin, sözünün gücü ilə belə halları əsgər kimi cəsarətlə, kəskin şəkildə ifşa edir. Hələ gənclik illərində hərbi xidmətdə olarkən qələmə aldığı şeirlərinin birində vəzifəli atasının hesabına xidmətdən yayınan həmyaşıdlarını tənqid atəşinə tuturaq deyirdi:

Artıq fərqimizi görürəm indi,

Sən başqa adamsan, mən başqa adam.

Dilimiz, dinimiz olsa da eyni,

Sən başqa adamsan, mən başqa adam.

Açıram səngərdə səhərlərimi,

Döşəyim torpaqdır, yorğanım səma.

Sən isə yatırsan rahat, qayğısız,

İpək kimi yumşaq yataqda amma.

Onun yaradıcılığında döyüşçü yoldaşlarına həsr etdiyi şeirlər xüsusilə diqqət çəkir.

"Səngər dostlarım” şeirində müharibənin insan həyatına təsiri, əsgərlər arasındakı sarsılmaz dostluq, vətən sevgisi və sosial ədalətsizlik məsələləri öz əksini tapmışdır. Şeirin əsas qəhrəmanları ağır döyüş şəraitində bir-birinə dayaq olan, vətən uğrunda canından keçməyə hazır olan sadə insanlardır.

Şeirin ilk bəndindən aydın olur ki, bu insanlar bir-birinə nə məclisdə, nə də maddi maraq əsasında dost olublar. Onları “soyuq səngərlər” birləşdirib. Birlikdə yaşadıqları çətin günlər onların yaddaşında silinməz iz buraxıb. İllər keçsə, saçları ağarsa, belləri bükülsə belə, səngərdə yaşanan hadisələr unudulmur. Bu, həqiqi dostluğun zaman keçdikcə yox olmadığını göstərir.

Nə qədəh dostuyuq , nə cib dostuyuq ,

Soyuq səngərlərdir bağlayan bizi .

Saçlar ağarsa da , bel bükülsə də,

O ağır günlərin silinmir izi .

Şeirdə səngər həyatı sadə, lakin təsirli obrazlarla təsvir olunur. Əsgərlərin “torpaq evləri”, torpağın üstündə yataqları, başları üstündə isə ay işığı var. Onların rahatlığı, var-dövləti yoxdur. Lakin bütün bu çətinliklərə baxmayaraq, onlar mənəvi cəhətdən zəngindirlər. Bir-birinə can yandırır, sevinc və kədərlərini bölüşürlər. Ən ağır döyüşlərdə belə heç biri yoldaşını darda qoymur. Deməli, səngərdə yaranan dostluq yalnız sözlə deyil, fədakarlıqla sübut olunur.

Hamı bir birinə can yandırırdı,

Bir idi sevinc də, kədər də burda .

Ən ağır döyüşdə, çətin məqamda

Kimsə yoldaşını qoymazdı darda.

Şeirdə əsgərlərin müxtəlif bölgələrdən gəlməsi də xüsusi məna daşıyır. Onlar “bir eldən” olmasalar da, hamısını eyni amal birləşdirir: Vətən sevgisi. Çoxunun kasıb ailələrdən olması onların vətən uğrunda mübarizəsinə mane olmur. Əksinə, onlar Vətənin müdafiəsini hər şeydən üstün tuturlar. “Yox idi ölümdən qorxumuz” misrası onların cəsarətini və fədakarlığını ifadə edir.

Əsərin ən təsirli hissələrindən biri şəhidlərin xatirəsinə həsr olunmuş bənddir. Şair onların son sözlərini və arzularını unutmadığını bildirir. Zaman keçsə də, nisgil bitmir və şəhidlərin xatirəsi tənha gecələrdə göz yaşları ilə yad edilir. Burada şəhidlik mövzusu insanın yaddaşı və vicdanı ilə əlaqələndirilir:

Unuda bilmirəm, neçə şəhidin

Son sözü, arzusu yaddaşımdadır. Nisgilim keçməyib, ötsə də zaman,

Tənha gecələrdə göz yaşımdadır.

Şeirin son bəndlərində isə sosial ədalətsizlik məsələsi ön plana çıxır. Səngərdə “vəzir”, “vəkil”, “xan” övladları deyil, əsasən sadə insanların olması diqqətə çatdırılır. Müəllif bununla müharibənin yükünü daha çox kasıb insanların daşımasını vurğulayır. Lakin sonradan sərvət və şöhrətin onların deyil, başqalarının payına düşməsi şairi düşündürür: “Bu Vətən canını qurban deyənə / Bəs niyə doyunca çörək qıymadı?”- sualı şeirin əsas sosial suallarından birinə çevrilir. Bu, vətən uğrunda canından keçən insanlara cəmiyyətin münasibəti haqqında düşündürücü bir sualdır.

“Səngər dostlarım” həm səngər dostluğunun müqəddəsliyini, həm şəhidlərin unudulmaz xatirəsini, həm də sosial ədalət problemini əks etdirən təsirli bir əsərdir. Şeir insanı Vətən, dostluq, fədakarlıq və ədalət haqqında düşünməyə vadar edir.

Şair haqsızlıqlara qarşı daim mübarizə aparır. "Haqqa daş atanlarla", "həqiqəti boğanlarla" heç vaxt barışmır. Çirkin yollarla vəzifə tutan şeytan xislətli yalançı məmurlara, "lotu" hakimlərə qarşı çıxış edir. Azalmaq, tükənmək bilməyən bu alaq otlarını cəmiyyətdən təmizləməyə çağırır. Şeirlərinin birində: "Allahın bu yerdən yoxdur xəbəri?"- bədii sualını verərək sözünün təsir gücünü daha da artırır:

Daşmı gəzdirirlər ürək yerinə,

Haqqa daş atanlar uca kürsüdə.

Burada şeytanın meydanı geniş,

Həqiqət boğulur qara tüstüdə.

Məmuru yalançı, hakimi "lotu",

Kim yazdı bizlərə belə qədəri,

Azalmır, tükənmir bu alaq otu,

Allahın bu yerdən yoxdur xəbəri?

Həyatda ən böyük faciələrdən biri insanın öz-özünü aldatmasıdır. Ancaq anormal cəmiyyətdə, riyakar mühitdə insanın öz-özünü aldatması labüdləşir. Yaşayıb mübarizənin zamanını gözləmək qaçılmazlığı yaranır. Şairin bu durğunluğa səbri çatmır. Oxucu onun "Qorxuruq deməyə haqq sözümüzü" misrasının alt qatında "Bəsdir qorxduq deməyə haqq sözümüzü" fikrinin gizləndiyini açıq-aydın görür.

Baxıb döyə-döyə hey gözümüzü,

Qorxuruq deməyə haqq sözümüzü.

Aldada-aldada öz-özümüzü,

Aldana-aldana gedirik hələ.

Cəbhədə olarkən gözlərinin önündə neçə əsgər yoldaşının şəhid olduğunu görən şair bu ağrı-acının nə qədər ağır olduğunu yaxşı dərk edir, Vətən, torpaq uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsini həmişə ehtiramla yad edib, yazdığı şer və məqalələrlə onların adlarını əbədiləşdirməyə çalışır. O, doğma Cəngəmiran kəndindən olan şəhidlərin hər birinə şeir həsr edərək onların valideynlərinə təsəlli verib, başlarını uca tutmağa çağırır. Şair şeirlərinin birində kənd məzarstanlığında şəhid oğlunun qəbrini ziyarət edən ananın ağrı-acısına dözməyib üzünü şəhid məzarına tutaraq deyir:

Arzuları talan gəlib,

Bu ağrıdan yanan gəlib.

Şəhidim, aç gözlərini,

Görüşünə anan gəlib.

Saçlarında gəzən əllər,

Toy günündə süzən əllər

Məzarına sığal çəkər,

Görüşünə anan gəlib.

Həyatda heç vaxt insan qanının haqsız yerə axıdılmasını istəməyən şair müharibələrə, müharibə törədənlərə nifrət edir. Axı bu müharibələrin ən böyük əzabını sadə xalq çəkir, itkilərin ağırlığı siyasətdən uzaq sadə xalqın üzərinə düşür.

Öz mənliyini həmişə uca tutan şair nadanlarıın önündə heç zaman əyilmir. Halal suyu, halal çörəyi ilə başını daim dik tutur və heç zaman ümidsiz olmur. Allaha olan inamı ona güc, qüvvət verir. Bu inam onu kamilləşdirir, iman sahibi edir.

Uca tut həmişə öz mənliyini,

Heç zaman əyilmə nadan önündə.

Düşəndə çətinə olma ümidsiz,

Haqqı bayraq kimi saxla əlində.

Halal suyun olsun, halal çörəyin,

Yoxuşlu yollar da səni yormasın.

Allaha inamın olsun gərəyin,

İmansız saatın, günün olmasın.

İnsan həyatında maddi sərvətdən daha qiymətli olan dəyərlər vardır. Dürüstlük, mərhəmət, ədalət, vicdan, insan sevgisi və haqqın yanında olmaq insanı həqiqi mənada insan edən xüsusiyyətlərdir. “Allahsız olduq” şeirində də əsas diqqət insanın mənəvi dəyərlərdən uzaqlaşmasına, haqqı və ədaləti unudaraq şəxsi mənafeyin arxasınca getməsinə yönəldilir.

Günahkar gəzirik dağda ,aranda

Bəndənin önündə əyilən bizik .

"Haqsiza nökər ol "-demir ,"Quran"da

Zalımın əliylə döyülən bizik.

Hər şeydə güdürük öz xeyrimizi,

Yada yer veririk süfrə başında .

Çox vaxt bəyənməyib bir- birimizi ,

Düşmənə dönürük ocaq daşında.

Şeirdə insanın zülm qarşısında susması və güclünün qarşısında əyilməsi, insanların hər şeydə öz xeyrini güdməsi, yadlara üstünlük verməsi və bir-birinə qarşı dözümsüz davranması tənqid olunur.

Şeirin sonunda şair öz dövrünə qarşı narazılığını açıq şəkildə ifadə edir və insanların çətinliklər içində əzilməklə sanki günahsızlaşdığını sorğulayır.

Nifrətlə baxıram bu günümüzə,

Əzilə -əzilə günahsız olduq?

Pambıq nəyə lazım kor gözümüzə?

Allah deyə -deyə Allahsız olduq .

“Pambıq nəyə lazım kor gözümüzə?” misrası burada çox güclü metaforadır. İnsan həqiqəti görmək istəmirsə, ona gözəl sözlərin və bəhanələrin heç bir faydası yoxdur. Şeirin ən təsirli ifadəsi isə son misradadır: “Allah deyə-deyə Allahsız olduq.” Bu ifadədə böyük bir ziddiyyət yaradılmışdır. İnsanlar Allahın adını dilindən düşürməsələr də, əgər onların davranışında ədalət, mərhəmət, dürüstlük və insan sevgisi yoxdursa, həmin sözlərin mənası boşalır. Şair burada Allahsızlığı dini mənada deyil, ilk növbədə mənəvi və əxlaqi uzaqlaşma kimi təqdim edir.

“Allahsız olduq” şeiri yalnız dini mövzuda yazılmış əsər deyil. Bu, hər bir insanı öz vicdanı qarşısında hesabat verməyə çağıran mənəvi-fəlsəfi əsərdir. Şairin əsas narahatlığı insanların Allahın adını unutması deyil, Allahın adını çəkə-çəkə Onun təbliğ etdiyi mənəvi dəyərlərdən uzaqlaşmasıdır. Əsərin son misrası da məhz bu böyük ziddiyyəti ifadə edir: insanın dilində Allah, həyatında isə insanlıq yoxdursa, deməli, ən vacib olanı itirmişik.

Şairin ömür yolu oddan, alovlardan keçsə də, yorulmaq bilmir. Keçdiyi döyüş yolu ilə fəxr edir. Zəhmətkeş bir müəllim kimi özünü elinin, obasının işığı, ziyası adlandırır. Müəllim adının ucalığı ilə fəxr edərək varlığının bu əbədi mübarizə yolunda daim görünəcəyini bildirir. Odur ki, əllərini haqqın dərgahına uzadan şair heç vaxt şəhid xəbərin eşitməməyi arzulayır:

Ölüm haqq olsa da, yox əsla qorxum,

Tək şəhid xəbərin mən eşitməyim.

Müşfiq Məmmədov müəllim ömrü yaşayır. Doğma kəndində gənc nəslin təlim-tərbiyəsi ilə məşğuldur. Müəllimlik onunçün sadəcə bir peşə deyil, insan həyatına toxunan, gələcəyi formalaşdıran müqəddəs bir missiyadır. Məhz “Müəllim ömrü” şeirində müəllimlərin öz həyatlarını şagirdlərinə həsr etməsi, onların uğurunu öz uğurları kimi qəbul etməsi və bu çətin, lakin şərəfli yolu vicdanla keçməsi təsvir olunur.

Alın yazımızdir müəllim ömrü,

Verib qəlbimizi belə yaşadıq.

Alıb ciynimizə ən ağır yükü , Şərəflə, vicdanla onu daşıdıq .

Şair müəllimliyi “alın yazısı” adlandırmaqla müəllim peşəsinə münasibətini ifadə edir. Müəllim öz qəlbini bu peşəyə verir və ömrünü onun məsuliyyəti ilə yaşayır. “Alıb çiynimizə ən ağır yükü” misrası müəllimlik fəaliyyətinin böyük məsuliyyət tələb etdiyini ifadə edir. Bu yük yalnız dərs deməkdən ibarət deyil. Müəllim bir neçə nəsil insanın dünyagörüşünün və şəxsiyyətinin formalaşmasına təsir göstərir. Şairin fikrincə, bu ağır yük şərəf və vicdanla daşınmalıdır.

“Müəllim ömrü” şeiri müəllimlik peşəsinin müqəddəsliyini, məsuliyyətini və mənəvi ucalığını əks etdirir. Müəllim ömrü asan ömür deyil: bu ömür zəhmət, səbir, sevgi və vicdan tələb edir. Lakin bu zəhmətin ən böyük mükafatı şagirdlərin uğuru və illər sonra müəllimlərini xoş xatirələrlə yad etməsidir. Çünki müəllim təkcə dərs deyən insan deyil, eyni zamanda insan yetişdirən və öz izini gələcək nəsillərin qəlbində yaşadan şəxsdir.

Müşfiq Məmmədov həm də gözəl məhəbbət şairidir. O, yaşamağın mənasını məhəbbətdə görür. Əgər dünyanı məhəbbət idarə etsə, dünyada heç bir müharibə, heç bir qan-qada olmaz. Gözlə qaşın arası qədər qısa olan insan ömrünü yalnız məhəbbətlə uzatmaq olar. İnsanı kamilliyə qovuşduran qarşılıqlı, təmənnasız məhəbbətdir. "Sevib-sevilmək imiş / Yaşamağın mənası," - deyən şair dünyanı məhəbbət rəngində görür. Gənclik illərində insanın qəlbində pöhrələnən sevgi ona qocalana qədər bir ömür yaşamağa bəs edir. Bu sevgi övladlarla nəsildən nəsilə ötürülür və əbədiyyət qazanır. Odur ki, şair dünyanın rəngini sevgi ruhunda görür:

Ömrün gəncliyində addımlar iti,

Qəlbdə pöhrələnər sevgi çələngi.

Nə duman,nə çiskin götürməz qəti,

Sevgi ruhundadır dünyanın rəngi.

Şairin diqqət çəkən sevgi şeirlərindən biri "Sən yanımda olmayanda" şeiridir.

Bu şeir həyat yoldaşına olan sevginin, bağlılığın və ayrılıq zamanı yaranan həsrətin səmimi ifadəsidir. Şeirdə insanın yanında olan doğmasının qədrini bəzən onun yoxluğunda daha dərindən anlaması əsas fikir kimi önə çıxır. “Sən yanımda olmayanda” misrası hər bənddə təkrarlanaraq ayrılığın yaratdığı boşluğu və tənhalığı daha da gücləndirir.

Fikirlərim bəzən azır,

Ürək deyir , qələm yazır.

Çay-çörəyim olmur hazır

Sən yanımda olmayanda.

Müəllif şeirdə həyat yoldaşının evdəki varlığının gündəlik həyat üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Onun yoxluğunda ev soyuq, çay-çörək dadsız, düşüncələr qarışıq görünür. Övladların varlığı isə həyat yoldaşının yerini tam doldurmur. Bu da ailədə ər-arvad münasibətinin özünəməxsusluğunu və mənəvi bağlılığını ifadə edir.

Şeirin ən təsirli məqamlarından biri müəllifin özünü sorğulamasıdır: insan bəzən sevdiyinin qədrini vaxtında bilmədiyini yalnız ondan uzaq düşəndə anlayır. Səsin qulaqda, adın dodaqda qalması isə məhəbbətin yalnız fiziki yaxınlıqdan ibarət olmadığını göstərir.

Tez unutdum dərdini mən,

Çox sınadım səbrini mən.

Nə vaxt bildim qədrini mən?

Sən yanımda olmayanda.

Ümumilikdə, şeir oxucunu sevdiklərinin qədrini onlar yanımızdaykən bilməyə, sevgini və minnətdarlığı vaxtında ifadə etməyə çağırır.

Müşfiq Məmmədov cəmiyyətdə, insanların içində həmişə insanlıq axtarır. Həyatda mənən pozulmuş, bəd əməlləri ilə min bir cinayət törətmiş, özünü heyvan kimi aparan bəzi insanaoxşarları gördükdə nə qədər sarsıntı keçirsə də, yenə də insana olan inamını itirmir. İnanır ki, gec-tez dünyada insanlıq qalib gələcək.

İnsanlar bir deyil, təbiət kimi

Qoynunda gülşən də, tikanlıq da var.

Nə qədər görsək də pis əməlləri,

Yenə bu dünyada insanlıq da var.

Müşfiq Məmmədov keçdiyi ömür yolu ilə fəxr edir. Çünki bu yolda nə qədər çətinliklərlə, maneələrlə qarşılaşsa da, əsl əsgər kimi vüqarını əyməmiş, yolunu şərəflə davam etdirmişdir.

Alovlardan keçdi yolum,

Yorulmadı qolum, dizim.

Fəxarətim, mənliyimdir

Səngərlərdə ayaq izim.

Mən elimin ziyasıyam,

Müəllim adı ucalığım.

Bir gün belə olmasam da,

Görünəcək bu varlığım.

Döyüş səngərlərində əsgər kimi ayaq izləri yaşayan şair bu gün müəllim adının ucalığında əsgər ömrü yaşayır. Əsgər kimi mənəviyyatın keşiyində, haqqın, ədalətin keşiyində dayanaraq gənc nəslin təlim-tərbiyəsində, vətənpərvər ruhda, sağlam böyüməsində şəxsi nümunə göstərir. Müəllimliyi də, şairliyi də, vətəndaşlığı da, insanlığı da əsgər kimidir Müşfiq Məmmədovun. Bu şərəfli ömür yolunda ona uğurlar diləyirəm!