Ayaz Arabaçı - Dənizlə ilk görüşüm...

YAZARLAR 10:50 / 12.10.2026 Baxış sayı: 759

Dənizi çox sevirəm,dənizlə ilk görüşüm sahildə,dalğaların pıçıltısını dinlədiyim bir gündə başlamayıb. Bu sevginin başlanğıcı uşaqlıq illərimin kitab səhifələrində, Jül Verin əsərlərinin sehrli dünyasında gizlənib.O kitabları oxuya-oxuya tanımadığım ölkələrə gedir, xəritələrdə yerini güclə tapdığım adalara düşür, okeanların dərinliklərinə enir, fırtınalı dənizlərdə üzən gəmilərlə birlikdə naməlum üfüqlərə doğru yol alırdım. Bəzən özümü kapitanın yanında dayanmış bir səyyah, bəzən okeanın dibində gizlənmiş sirləri kəşf edən bir tədqiqatçı, bəzən də insan ayağının dəymədiyi sahillərə ilk qədəm qoyan bir macəraçı kimi təsəvvür edirdim.

Dünyanın görünən üzünün arxasında başqa bir aləm vardı. O aləmə çatmaq üçün isə insanın həm cəsarəti, həm marağı, həm də böyük bir xəyalı olmalı idi.

Mən o kitabları oxuyanda dənizin əslində nə qədər dərin olduğunu, okeanların hansı sirləri gizlətdiyini bilmirdim. Ancaq bir şeyi hiss edirdim, dəniz insanın görə bildiyindən daha böyük, anlaya bildiyindən daha sirli, danışa bildiyindən daha qədimdir.

Bəlkə də elə buna görə dənizə olan sevgim mənimlə birlikdə böyüdü.

Jül Vernin “Kapitan Qrantın uşaqları”, “Dəniz altında iyirmi min lyö”, “Sirli ada” əsərləri mənim uşaqlıq yaddaşımda təkcə macəra kitabları kimi qalmadı. Onlar mənim dünyagörüşümün formalaşmasında, təxəyyülümün qanad açmasında, marağımın artmasında özünəməxsus rol oynadı. Mən bu əsərlərdə insanın təbiətlə mübarizəsini, ağlın gücünü, cəsarəti, dostluğu, çətinliklər qarşısında təslim olmamağı gördüm.Daha sonralar Xəzərlə tanış oldum. Xəzəri sevdim. Gəmi kapitanları ilə tanış oldum, onların maraqlı söhbətlərini dinlədim.

Könlümdə gəmi ilə uzaq səfərlərə çıxmaq, uzun aylar səyahət etmək kimi bir arzum hələ də var..