SÜDABƏ SƏRVİ - YAZIÇININ ÖLÜMÜ

YAZARLAR 18:00 / 17.05.2026 Baxış sayı: 552

 

Hekayə

"Bir dəli şeytan deyir, çıx dama, özünü at yerə, canın qurtarsın bu əzab-əziyyətdən..."

Allah heç kəsə nəsib etməsin, təklik yaman pis şeydir. İllah da ki, yavaş-yavaş köçünü bu dünyadan çəkməyə hazırlaşasan, arvad da səni tək qoya, üstəlik oğul-uşaq da yada salmaya. Yaş da səksəni keçə.

Vaxtilə tanınmış yazıçıydı. Şöhrəti aləmi bürümüşdü. O zamana qədər ki, çörəyi dizinin üstündə olan nankor qonşularımız yatıb yuxularını qarışdırdılar. Aləm həbəşin saçlarına döndü. Indi qapısını açan yoxuydu. Hərdən özünü danlayırdı, gərək vaxtında köçünü bu dünyadan çəkəydi, görməyəydi bu bəlaları.

İki gündü, yata bilmirdi. Sabaha qədər evinin hisdən qaralmış tavanına baxır, baxırdı, istəyirdi, yarımca saat da olsa yatıb gözlərinin dincini alsın, heç nə düşünməsin. Cavanlıqda olduğu kimi.

Bütün gecəni yerinin içində o tərəf bu tərəfə eşələndi. “Lənət sənə, kor şeytan! Belə də iş olar? Deyəsən, axırım çatıb. Yoxsa niyə yata bilmirəm ki...”.

Qoca yazıçı dönüb pəncərəyə baxdı, görsün hava açılıb, ya yox. Qalın pərdədən azacıq süzülən zol-zol işığı görüb sevindi. Durub yatağının içində oturdu. Yadına düşdü ki, dünəndən çay içməyib. Çarpayısının baş tərəfinə qoyduğu əsasına söykənib hıqqana-hıqqana ayağa qalxdı. Tərliklərini tapıb bir təhər ayağına keçirdi. Baxdı ki, taykeş geyinib. Fikir vermədi. Ayaqlarını sürüyə-sürüyə mətbəxə tərəf yön aldı. Gözü dəhlizdəki aynaya sataşdı. Diksindi. “Belə olmaz, qoca. Bir-iki tikə də olsa, gərək yeyəsən. Yoxsa dərin sümüyüvə yapışıb. Yanına gələn olsa, qorxacaq səndən”.

Qaz plitəsini yandırıb qırmızı naxışlı balaca çaydanı üstünə qoydu. Soyuducunu açdı. Bir-iki yumurta, bir az şit yağ, mürəbbə vardı. Bir də balaca bankanın dibində azca kəsmik qalmışdı. ”Ərzağım da qurtarıb. Uşağa deyəm, gərək bazarlıq eləsin.” Nəvəsi Zauru nəzərdə tuturdu. “Gərək yaxşı yeyəsən ki, gəzməyə taqətin ola, fikir də səndən uzaq düşə. Yoxsa mənim kimi? Ayaq üstə güclə dururam. Doxtur Allah kömək olmuş da deyir, bal ye, əmələ gəl. Deyən gərək, ay rəhmətliyin nəvəsi, balı hansı pulnan alım? Bəyəm təqaüdlə dolanmaq olur?”

Fal-fal doğranmış qara çörək dilimlərindən birini götürüb üzərinə bıçaqla bankadakı kəsmiyi yaxdı. Udquna-udquna bir-iki tikə zorla yeyə bildi. “Bayaqdan acından ölürdün, a fərsiz qoca? Noldu, bir yaxmacı da yeyib qurtara bilmirsən. Vaxt vardı doymaq bilmirdin”.

Özünə acığı tutdu. Çaydanın altını söndürdü. Soyuducudakı albalı mətindən bir qaşıq götürüb ilıq suya qarışdırdı, çay əvəzi içdi. Əsasını əlinə alıb mətbəxdən çıxdı. Aynanın qabağından keçəndə çevrilib bir də özünə baxmaq istədi, nə düşündüsə, düz keçdi. Sürətlə özünü çarpayıya çatdırıb oturdu. Dərindən nəfəs aldı. Təkcə çarpayısında rahat olurdu.

-Deyəsən dəli olacam. Allah, məni bu qoca vaxtımda rüsvay eləmə, qurban olum sənə.

Qapının zəngi çalındı. Diksindi. Gələn qonşuydu, dərmanlarını alıb gətirmışdi. Gözləri işıqlandı. Dünəndən pul verib xahiş etmişdi. Qonşuya təşəkkürünü bildirdi. Qonşu dodaqlarını tərpətmədən başını yüngülcə tərpətdi.

-Xoş getdin, bala.

Qapının rəzəsini çəkib bağladı. “Allah heç kimi heç kəsə möhtac eləməsin. Vaxt vardı, şöhrətim aləmi bürümüşdü, kitablarım əl-əl gəzirdi. Avtoqraf yazmağımdan ötrü günlərlə növbəyə dururdular. Vəzifədə idim də. Sayırdılar. İndi kimdi məni yada salan? Elə bil mən adda yazıçı olmayıb bu məmləkətdə”.

Dərman qutularından birinin ağzını açıb sarı, xırda tabletlərdən ikisini götürdü. Dilinin üstünə qoyaraq yanındakı sudan bir qurtum icdi. Yerinə uzanıb gözlərini tavana zillədi.

“Mən nə vaxt qocaldım, axı? Xəbərim də olmadı”.

Avadının divardakı şəklinə baxdı. “Niyə öldün, arvad? Yetim qoydun məni bu çağımda.” Kövrəldi. Əlinin arxasıyla gözündən süzülən yaşı quruladı.“Ay vəfasız zəmanə! Hamı məni yaddan çıxarıb. Dərdimi kimə deyim? Divaramı? Ay divar, deyirlər, sənin də qulağın var. Əgər varsa, onda niyə eşitmirsən dediklərimi? Yəqin sərf eləmir. Lazım olanı elə tez eşidirsən ki...”

Çevrilib yan divardan asılmış cavan şairin portretinə baxdı. 37-ni xatırladı. “Yenə o bağ olaydı, yenə o qumlu sahil...” “Oxu tar, səni kim unudar?” Heyif, cavan getdi. Başımız nələr çəkmədi o vaxt? Bu saat gəlib aparacaqlar deyə, gecələr də paltarlı yatırdıq. Gecə gəlirdilər, qapının zəngini qəfil çalırdılar. Adamlar bir-birinə salam verməyə də qorxurdular. Nə qədər günahsız adamlar getdi güdaza. Bəzi çuğulçuların, danosbazların sayəsində. Çoxusu indi də sağdır. Elə gəzirlər, elə bil Müşfiqi, Cavidi, Mümtazı, Əhməd Cavadı tutduran bunlar deyilmiş...”

Telefon zəng çaldı. Diksindi. Bir anlığa harda olduğunu kəsdirə bilmədi. Ona elə gəldi, dediklərini eşidiblər, gəliblər aparmağa. Gözləri qaralmağa başladı. Ürəyi tez-tez döyünürdü. Udqundu, boğazının damarları göründü. Birdən çalınanın qapı zəngi yox, ev telefonu olduğunu anladı.

“Başım xarab olub ey... İndi otuz yeddi-zaddı bəyəm?”

Çarpayının baş tərəfində kiçik dolabçanın üstündəki köhnə, boz telefona sarı döndü. “Yəqin Zaurdur. Təqaüdümü alıb”. Telefonu qulagına tutdu.

-Eşidirəm.

-Salam Mərdan müəllim!

-Kimsən?

-Mən... qəzetdə işləyirəm, adım Sevaydır. Sizinlə görüşmək, yazı hazırlamaq istəyirəm.

- Neynirsən, ay qızım? – yazıçı dedi. - Lazım deyil. İstəmirəm.

-Niyə axı?

-Neçə illərdi qapımı heç kəs açmır, bu gündən sonra sən açsan nolacax? Yox, əziyyət çəkib gəlmə. Sayıb zəng etdiyüvə görə sağ ol.

Dəstəyi yerinə atmaq istəyirdi ki, jurnalistin "mən uşaqlıqdan sizin əsərlərinizi sevə-sevə oxumuşam,-sözləri onu fikrindən daşındırdı.

-Yaxşı gəl,-dedi.

Azadlıq prospektindəki hündür doqquzmərtəbəli binanın önündə dayandı. Başını qaldırıb evlərə göz gəzdirdi. Yazıçı burda yaşayırdı. Həyətə daxil olub pillələrlə yuxarı qalxdı. Mənzilin qapısının önündə dayandı. Ürəyi sudan çıxmış balıq kimi bərk-bərk çırpınmağa başladı. Sevayın uşaqlıqdan arzusu deyildimi böyüyüb jurnalist olsun, gedib Mərdanlı ilə görüşsün, ondan müsahibə götürsün? İndi arzusu çin olmuşdu. Nədən belə həyəcanlıydı?

Əlini uzadıb zəngin düyməsini basdı. Bülbülün xoş cəh-cəhi ətrafa yayılldı. Çox keçmədən içəridən hənirti eşidildi. Kimsə ayaqlarını sürüyə-sürüyə qapıya sarı gəlirdi.

Qapı açıldı. Arıq, balacaboy, üzünün almacıq sümükləri çıxmış çəlimsiz bir qoca əlindəki əsaya söykənib dayanmışdı. Və işıltısını hələ itirməmiş xırdaca gözlərini zilləyərək ona baxırdı. Sevay əvvəlcə inanmadı bu odur: cild-cild əsərlərin müəllifi o məşhur yazıçı. Rəngi getmiş zol-zol pijama və saralmış ağ, uzun dizliyin içərisində daha da cılız görünən, boğazının damarları çıxmış, əti sümüyünə yapışmış qupquru, zəif bir qoca idi qarşısındakı. Özünü itirdi.

- Salam... Mərdan müəllim. Mən...dünən sizə zəng edən jurnalistəm.

-Hə, hə. Keç, qızım. Xoş gəlibsən.

Yazıçının gözündən iki damla yaş axıb qırışların çoxdan şumladığı sifətindən üzü aşağı yuvarlandı. Əlinin dalıyla gözlərini silib üzünü ondan gizlətməyə çalışsa da, Sevay gördü.

Balaca, köhnə güzgülü dar dəhlizdən otağa keçdilər. Rütubətli bircə göz otağın avadanlığı köhnə şkafdan, çarpayıdan və bəlkə də yazıçının özüylə həmyaş olan masadan ibarət di. Divarda isə saymağa imkan tapa bilmədiyi tablolar. Böyük Səttar Bəhlulzadənin tabloları, Atatürkün, Hemenqueyin rəsmləri...

Yazıçı öz çarpayısında oturdu. Hər iki əlini üst-üstə qoyub əsanın başında daraq kimi bir-birinə keçirdi.

Sevay onunla üzbəüz balaca kətildə əyləşdi. Yazıçı gözlərini tez-tez qırparaq ona baxırdı.

-Yanınza gələn olurmu?

-Kim gələcək ki, ay qızım? Məni qocanı kim yada salar ki?

Sevay tutuldu. Sapsarı döşəkağının içində yumaq kimi bükülmüş qocaya nədənsə yazığı gəldi. Nəzərlərini üzbəüz divarda zərli haşiyəli bir çərçivədə ilişib qaldı: yazıçının 25-30 il qabaq çəkdirdiyi şəkldi. Başında qaragül dərili xəz papaq, əynində eyni rəngdə xəz palto, qalın qaşlı, qalın bığlı yazıçı sifətində xoş təbəssüm yanakı baxıb gülümsəyirdi. Paltosunun yuxarı qalxmış xəz yaxalığı şəklə xüsusi yaraşıq verirdi. Aha. Xatırladı: bir vaxtlar, yeniyeniyetmə ikən kitabda görüb vurulduğu şəkil.

“Görəsən, bu, doğrudan odur?”

-Bağışla, ay qızım, sənə qulluq edə bilmirəm.

-Çox sag olun, -fikirli-fikirli dedi. Yanınıza gələn olur?

Deyəsən axı bu sualı vermişdi.

- Hərdən qızlarım gəlir. Onlar da uzaqda olurlar. Eh... Kimə lazımam indi?

-Elə deməyin, Mərdan müəllim. Sizin Azərbaycan ədəbiyyatında xidmətiniz böyükdür. Bakının tarixindən ilk kitab yazan sizsiniz.

- Onlar keçmişdə qaldı, ay qızım. İndi hamısını unudublar. Bizim millət hər şeyi çox tez unudur. – Əlini yellədi.Vaxtilə neynəmisən, nə iş görmüsən, sonradan hamısı yaddan çıxır.

Başı ilə masanın üstündəki əlyazmalara işarə elədi.

-Görürsən? Neçə ildi əsərlərimi çap elətdirə bilmirəm. Pul dərdinhdən. Indiki zamanada hər şeyi həll edən puldu, pul. Pulu daşın üstünə qoy, daş o saat yumşalıb muma dönəcək. Fikirləşməkdən yuxum da çəkilib ərşə. Unudulmaq dəhşətdi, qızım. Arada bezirəm bu cür yaşamaqdan. Dəli şeytan deyir, çıx dama, özüvü at yerə, canın qutarsın bu əziyyətdən.

Sevay eşitdiklərinə inana bilmədi. Bunları o deyirdi. Bir vaxtlar Bakının tarixini yazmaqdan ötrü minbir əziyyətlə arxivlərə girərək, sənədlərin üzünü ərəbcə, farsca köçürüb pencəyinin ətəklərində gizlədən, çətinliklə çap etdirdiyi kitabı əl-əl gəzən şöhrətli yazıçı...

Küncdə qoyulmuş ağ-qara təsvirli köhnə televizorda toplantı gedirdi. Kimisə ayaq üstə bərk-bərk alqışlayırdılar.

-Görürsən, necə əl çalırlar?- Başı ilə televizora işarə etdi. Millət ölür əl çalmaqdan ötrü. O boyda torpaqlar getdi e... heç kəsin vecinə döyül. Toy-bayramdı hər gün. Dedim də, çox unutqanıq. Unuda-unuda hər şeyi verdik bada.

Dayandı. Xırda gözlərini geniş açaraq diqqətlə Sevayın üzünə baxdı.

-Bunları yazarsan qəzetində. Eşitdin?

-Baş üstə, yazaram.

-Onu da yazarsan ki, millət heç nəyi unutmamalıdır. Buna onun haqqı yoxdur!

Əlləri əsirdi.

-Yazacam, Mərdan müəllim.

Çantasından qara rəngli balaca diktofonu çıxardı. Masanın üzərinə qoyub xırda düyməciklərdən birini basdı. Mərdanlının sifəti qəfil ciddiləşdi.

- Onu söndür! Yoxsa heç nə danışmayacam!

Qulaqlarına inana bilmədi. “Necə yəni söndür? Bəs bayaqdan danışdıqları nə idi?”

-Niyə, Mərdan müəllim? Dediklərinizi yazıram da.

-Yox, qızım! Onda söhbətimiz tutmayacaq.-başını yellədi.

Qoca yazıçı nədənsə çəkinir, ağzından “lazımsız söz”qaçıracağından ehtiyat edirdi. “Doxsan yaşında nədən çəkinir axı? İndən belə neyləyəcəklər ona?”

Yadına bir əhvalat düşdü. Neçə il qabaq başqa tanınmış qocaman yazıçıdan müsahibə götürürdü. Verdiyi bir sualdan diksinən yazııçı hər iki əlini qoşa çarpazlayıb diktofonu göstərmiş, “onu söndür, sonra deyim,” –demişdi. Aradan illər keçsə də, Sevay bu hadisəni unuda bilmirdi. Həmişə düşünürdü ki, deyəsən 37-nin qorxusu bəzilərinin canından hələ də getməyib. Hardansa oxumuşdu, qorxudan uzun müddət ədəbiyyatda ”bığ” sözü işlədilməmişdi.

Bildi ki, diktofonu söndürməsə, Mərdanlıdan kəlmə ala bilməyəcək. Söndürdü. Dili açıldı qoca yazıçının. 37-ci ildən maraqlı faktlar açıqladı. Kim kimi tutdurub, kim danosçuluq edib, kimin qorxudan ürəyi partlayıb, kim xarıcə qaçıb, kim intihar edib. Rəsulzadəni, Mircəfəri öz gözləriylə görübmüş.

- O kişi bizim kəndə, Lahıca gələndə, mənim on yaşım vardı. Məmməd Əmini deyirəm. Gözlərimlə gördüm onu. Mən heç bilmirdim, o kişi böyük adamdır, Cümhuriyyəti ilk quran odur. Heç demə, Leninin qurduğu hökumət onu axtarırmış. O gedən getdi. Ömrünü qürbətdə başa vurdu. O boyda adamın qədrini bilmədik.

Hər iki əlini əsasına döyəcləməyə başladı.

- Guya o boyda Zeynalabdin Tağıyevin qədrini bildik? Davam etdi. -Danışdıqca boğazının damarları çıxırdı. Dedim də... ay qızım! Biz beləyik. Hacının çox xeyirxah işləri olub. Var-dövləti heç yerə sığmırdı, amma çox əliaçıqdı, kasıb-kusuba, yetim-yesirə əl tutandı. Çünki özünün də əvvəli çox kasıb olmuşdu. Nə qədər binalar tikdirib, məktəblər açdırıb, şollar suyu çəkdirib, gəncləri oxumağa xaricə göndərib. Hacı həm də çox mərd, heç kəsə əyilməyən bir insan olub. O vaxt çar üçüncü Nikolay Bakıya gələndə hamı papağını çıxarıb onun qarşısında baş əyir, təzim edir, təkcə Tagıyevdən başqa.

-Sizcə, indi Tagıyev kimi adamlarımız varmı?

-Var. Ondan da varlı adamlarımız var. Amma o ürək yoxdu. İndiki varlılar milləti düşünmür. Hacı belə deyildi. Hər keçəndə kasıbçılığını xatırlasın deyə baltasını və çuxasını qapısının ağzından asıbmış. Bambaşqa kişiydi Hacı. Əsl kişiydi.

- Dediniz ki, indiki varlılar milləti düşünmür. Niyə? Hardadı səhvimiz?

-Bala, hər şeyin düzgün yolda olması üçün birinci milli ideya lazımdır. Sonra milli məqsəd. Və bütün bunlar ancaq xalqın xeyrinə istifadə olunmalıdır. Bunlar olmadısa, çətin...

Udqundu. Sevay cəld dolçadan bir stəkan su süzüb ona uzatdı. Suyu başına çəkdi. Ağzını marçıldadtdı. Deyəsən, söhbət ona ləzzət edirdi. Sevay onun damarını tuta bilmişdi. Sevay ermənilərin xainliyi haqda danışmasını xahiş etdı.

-Qızım, ermənilər əvvəldən xain olublar. Bizim neftimiz, qızılımız, pambığımız vardı. Onların nəyi v ardı? Bizimkilər o vaxt onlara yaşamağa yer-yurd, çörək verdilər, aclıqdan və soyuqdan qorudular. Bu nankorlar əvəzində bizim torpağa göz dikdilər. Ruslar da onlara arxa dururdu. Çünki onlara belə sərf edirdi. 1918-ci ildə ermənilər Şaumyanın başçılıgı və bolşeviklərin havadarlıgı ilə camaatı qıra-qıra Kürdəmirəcən, Göyçayacan gedib çıxmışdılar. Lenin özü nəzarət edirdi bu işə. Ruslar neftdən əl çəkərdi? Martın 31-də Bakıda nə qədər müsəlmanı, qadınları, uşaqları qətlə yetirdilər. Şaumyan Azərbaycanın qatı düşməni idi. Bakıda kütləvi qırgın olanda Şaumyan sevinərək Leninə teleqram da vurmuşdu. Küçələrdə meyid əlindən tərpənmək olmurdu. Ermənilər cəsədlərin üstündə mahnı oxuyurmuşlar: ”Bir-iki, Bakı oldu bizimki..” O vaxt Bakıda qeyrətli, mənəm-mənəm deyən qoçular vardı; qoçu Ələkbər, Maştağalı qoçu Əziz, qoçu Nəcəfqulu, qobulu Məşədi Hilal və başqaları. Türklər gələnəcən onlar dəstələr düzəldib ermənilərə qarşı vuruşurdular. Əgər türklər vaxtında özlərini yetirməsəydilər, indi bizdən bir tum da qalmayacaqdı!

- Mircəfər Bağırov haqqında nə deyə bilərsiniz?

-Mircəfər Bagırov indikilər kimi tərif sevməzdi. Yaltaqlardan zəndeyi zəhləsi gedərdi. Bir dəfə iclasların birində tanınmış bir yazıçı onu tərifləyir, siz beləsiz-eləsiz, dahisiz, nə bilim, daha nələr. Mircəfər onun sözünü yarıda kəsib deyir: “Nə çərənliyirsən? Düş yerə ordan! Mənə tərif deməkdənsə, yeri get, şeirini yaz!”

-Amma onun da ziyanlı işləri çox olub. Nə qədər ziyalının ölümünə qol çəkib.

-Yazıçılar çox zaman özləri bir-birini tutdururdular. Mircəfərlə Nərimanov olmasaydılar, torpaqlarımızı o vaxt ermənilərə verəcəkdilər. Müharibə vaxtı Stalin bizimkiləri kütləvi şəkildə Orta Asiyaya, Qazaxıstana, başqa ucqar yerlərə sürgün edəcəkdi. Mircəfər bunların qabağını alıb. Sənədlərlə arxivdə var.

-Siz onu şəxsən görmüsüz?

-Mircəfəri?

-Bəli.

-Hə, görmüşəm. O da məni şəxsən tanıyırdı. Bir əsərim çıxmışdı, neftlə bağlı. Əli Vəliyevlə Mehdi Hüseynliyə deyib ki, gördünüz? Əsl əsər belə olar, Mərdanlının əsəri kimi. Bunu Mehdi söylədi mənə.

Sevay onun üzündə keçmiş şöhrətin cizgilərini aydınca gördü.

-Ziyalıların bir-birini tutdurmasının səbəbi nə idi axı?

-Nə olacaq? Nadanlıq və paxıllıq. Bir-birini tutdurmaqla fəxr edirdilər. Hətta biri fəxrlə mənə deyirdi ki, on yeddi adam tutdurmuşam. Qulağımla eşitmişəm. Elə indi də yaşayır.

-Adını deyə bilərsiniz?

-Ad nəyə lazım? Yazmasan yaxşıdır. Başın ağrıyar. Bəzi şeylər gizli qalsa yaxşıdır.

-Söz verirəm, yazmayacam. Sadəcə, bilmək istəyirəm.

-Onda qulağını bəri gətir, deyim.

-Burda bizdən başqa heç kim yoxdu axı! -Sevay təəccübləndi:

-Var!

Sevay dörd gözlə ətrafa boylandı.

- Hanı?

-Bax, odur!

Qoca yazıçı əlini tapança kimi lülələyib çarpayısının yanındakı divarı göstərdi.

-Görürsən? Bu daş-divarın da qulağı var! Nə qədər adamı bu divarlar tutdurub.

Sevaya elə gəldi ki, tək qalmaqdan qoca yazıçının əsəbləri pozulub. Sevay başını ona tərəf əydi. Mərdanlı onun qulağına nə isə pıçıldadı. Sevayın gözləri böyüdü. “Demək, belə. Bunlar bir-birini niyə tutdurublar görəsən? Mərdanlı düz deyir, ancaq paxıllıqdan.”

Sevay yazıçılar arasında indiki vəziyyəti xatırladı. “Guya indi belə deyil? Bir-iki sağ qalan milli düşüncəli ziyalılarımız haqqında şər-böhtan yazmırlarmı?”

Mərdanlı danışdıqca əlləri və çənəsi titrəyirdi.

“Görəsən, Mərdanlı nə yaxşı sağ qala bilib? O dövrdən, “əjdahanın” ağzından necə qurtulub?”.

-Bütün ağrı-acıları içimdə çəkirəm, qızım!

Sanki suallarına cavab verirdi.

-Elə şeylər var ki, demək olmur Yaradı, dərddi ürəyimizdə.-Əlini sinəsinə çırpdı.

-Yaxşı, indi deyə bilməyib sonra nə vaxt deyəcəksiz? Heç olmasa yazın da.

-Yazmışam. Amma çapa verməmişəm. Bilrisən, niyə?

-Niyə?

-Çünki övladlarım, nəvələrim var. Onların uşaqları var. İncidərlər, türməyə atarlar. Hələ bu olsa dərd yarıdı. Adamın nəslin kəsərlər. Gördün akademiki? Gülləni düz ağzından vurdular!

Sevay quruyub qaldı. Əsəbi zənn etdiyi adam əsl həqiqətin özüydü.

Mərdanlının alnındakı qırışlar yavaş-yavaş sıxlaşaraq bir-birinə yapışdı, sifətində sirli bir ifadə yarandı. Deyəsən, şakəri idi, barmaqlarını yenə də əsaya döyəclməyə başladı.

-Dəli şeytan deyir çıx dama, özüvü at yerə. –Təkrar elədi. Canın qutarsın bu ağrı-acılardan.

-Səbirli olun, Mərdan müəllim.

-Səbr elə halva bişər ey qora səndən, -Mərdanlı əlini oynatdı. Səbr kasası da daşır axı. Bu erməniləri torpaqlarımızdan çıxartmaq lazımdır. Kaş ölüb gedeydim bala, görmiyeydim bunları.

-Sizcə torpaqlarımızı nə vaxt geri alacağıq?

-Torpaq işi hələ çox cəkəcək. Onu biz görəmmərik. Bu hamısı Rusiyanın əlindədir. Onun arzusuna uygun da həll olacaq. Bilirsən…

Dayandı. Deyəcəyi sözləri boğazından geri qaytarıb uddu. Gözlərini dörd dolandırıb evin içinə nəzər saldı. Əllərini dizlərinin üstünə qoydu. Dodaqlarını bir-birinə kip sıxaraq oturdu. Sevay bundan artıq ondan söz ala bilməyəcəyini görüb ayağa qalxdı.

-Çox sağ olun, Mərdan müəllim! Amma bir xahişim var: şeytanın sözünə qulaq asmayın.

Cavab əvəzinə qoca yazıçı Sabirin məşhur beytini söylədi:

-İstərəm ölməyi mən, leyk qaçır məndən əcəl,

Gör nə bədbəxtəm ki, əcəldən də gərək naz çəkəm.

Daha dözə bilmədi. Tələsik sağollaşıb çıxdı.

Düşündü, kaş gəlməyəydi bu qapıya! Onu bu vəziyyətdə görməyəydi.

O gündən dincliyi pozuldu Sevayın. Hara getdisə, qoca yazıçının iki damla göz yaşlarını unuda bilmirdi. Hər dəfə yazıçının yaşadığı binanın qabağından keçəndə başını qaldırıb yuxarıya-dama baxırdı. “Dəli şeytan deyir, çıx dama, özüvü at yerə. Canın qurtarsın bu əziyyətdən..”

Etməyin, Mərdan müəllim!

...Yenə Mərdanlının yaşadığı binanaın önündən keçirdi. Uzaqdan adamların toplaşdığını görüb oraya yüyürdü. “Nə olub?”-deyə soruşdu. Cavab verdilər ki, kimsə damdan özünü atıb. Camaatı aralayıb qabağa gəldi. Gördüklərinə inana bilmədi.

Aman Allah!! Dəhşət! Bu ki Mərdanlı idi!

Zol-zol pijamada və rəngi saralmış uzun dizliyin içində yumağa dönmüş bapbalaca qocaya hamının yazığı gəlirdi. Bir qadın dizlərinə döyürdü.

-Vaxse, yazıq!-dedi. - Gör nə hala düşüb. Görəsən, niyə atıb özünü?

-Yəqin kimi-kimsəsi yoxdu. Qoca bir kişi başını buladı. -Qocalanda belədi də... heç kəs səni saya salmır.

”Heyif sizdən, Mərdan müəllim! Axı sizə dedim, uymayın şeytanın sözünə.”

Sevayı yandıran oydu ki, heç kəs bu kişini tanımrdı.

-Ay camaat, bilirsiz o kimdir?-Sevay dedi.

Adamlar sual dolu nəzərlərini Sevayın üzünə dikdi.

-Bu kişi məşhur yazıçı Mərdan Mərdanlıdır!

-Nəə?

Camaat təəccüblə ona baxdı.

- Ay qız, sənin başın xarab olub? –Ortayaşlı qadın acıqlı-acıqlı dedi. Necə yəni Mərdan Mərdanlıdır bu qoca? Mən Mərdanlını yaxşı tanıyıram. Köhnə binada qonşumuz olub. Bu, o deyil.

-Mən də inanmıram!- Nahamar bir kişin dodaqlarını büzüb başını buladı. Mərdanlı hara, bu hara?

Nə etdisə, heç kəs inanmadı. Hirsindən aglamaga başladı.

...Öz səsinə yuxudan ayıldı. Qan-tər içində idi.

İki gün sonra qoca yazıçının vəfatı xəbərini eşitdi…

2009