Firidun Agazadə - Qarayanız göyçək, mən buralıyam...

Ədəbiyyat 18:50 / 17.05.2026 Baxış sayı: 525

***

Qarayanız göyçək, mən buralıyam,

Könlüm buralıdı, ruhum buralı.

Sən bitən ağacın bir budağıyam,

Göynəyə-göynəyə bitdim aralı.

Məni öz evimdə qonaq sayırsan,

Ögeylik, özgəlik gördün haramda?

Sən məni özünə uzaq sayırsan,

Mən səni oxşadıb tanıyıram da.

Belə soyuq-soyuq çəkmə adımı,

Üzündə-gözündə bu nə sualdı?

Günlərin birində, neynim, qadamı

Şəhərin ağbəniz qızları aldı.

Gözümdə işığı, canımda odu,

Bu yerin sevgisi yaşayır mənnən.

Bu kəndin ağacı, bu kəndin otu

Fikir ver, gör necə oxşayır mənə.

Qarayanız göyçək, mən buralıyam,

Könlüm buralıdı, ruhum buralı.

Siz bitən ağacın bir budağıyam,

İntəhası bitdim sizdən aralı.