İşıqla tikilib Bakı gecəsi - Şahverən Cavad

Ədəbiyyat 20:00 / 17.05.2026 Baxış sayı: 539

 

Binalar namaza durub , elə bil ,

Gəlir Təzəpirdən Əzanın səsi .

Çırpır ağacların fikrini xəzri ,

İşıqla tikilib Bakı gecəsi .

 

Sahildə asılan fənərlər kimi ,

Dənizdə çimən Ay üşüyüb , durur .

Dastana bənzəyir Bakı bulvarı ,

Ağaclar əldə saz , bir məclis qurub .

 

Müqəddəs Şəhidlər Xiyabanında ,

Hər məzar şəhidçün ana qoynudur .

Burda məzarlar da - qisas heykəli ,

Şəhidlər - azadlıq etalonudur .

İsmət heykəlidir o Qız qalası ,

Gecələr qalaya dirsəklənir Ay .

Məktuba bənzəyir ağ qağayılar ,

Külək varaqlayır dənizi lay , lay .

Küçələr şəhərin damarlarıdır ,

Yollardan nur seli axır gecələr .

Şəhəri daşıyır çiyinlərində ,

Bu asfalt palanlı yorğun küçələr .

Tıxaclar insafsız vaxt bərəsidir ,

Ömrün saatları ovlanır , sanki .

Qırmızı işığa düşür səbrlər ,

Qəlblərdə bir ümid közərir - Bakı !

16 . 05 . 2026