Sevil Azadqızı  - Ömürləri Yarımçıq Qalanlar

YAZARLAR 20:22 / 14.05.2026 Baxış sayı: 517

 

(Tələbə Yoldaşlarım Zeynəb və Sevincə həsr etmişəm.)

Göy üzü bütöv bir sükut xalatını geyinib əyninə. Yenə qaranlıq otağımın pəncərəsindən boylanan o soyuq, amma doğma ay işığı ilə baş-başa qalmışam. Dünyanın bütün səs-küyü çəkilib, geriyə bircə mən, bir də solan qızılgüllərin o heç vaxt unudulmayan, kövrək qoxusu qalıb. Nə qəribədir, dünyanı ətri ilə ovudan o zərif güllər niyə bu qədər tələsir getməyə?

Bəlkə də gözəllik elə qısa olduğu üçün bu qədər can yandırır. İnsanları düşünürəm. O təmiz ruhlu, qəlbi büllur adamları... Onlar da sanki bu torpağa yad imiş kimi, bir payız yarpağı kimi səssizcə, tələsik qopub gedirlər həyatımızdan. Yaradan sanki öz sevdiklərini bu dünyanın toz-torpağına, ağrı-acısına çox qıymır, öz nur kəfəninə büküb vaxtsız aparır. Bəs o qəlbi daşlaşanlar, ömrü boyu hər yerə kölgə salanlar? Zaman sanki onlara toxunmur, illər onları qocaltmır, dərd-bəla yan keçir yanlarından. Onlar zamanın dondurduğu bir qaya kimi hərəkətsiz, hisssiz və əbədi qalırlar yer üzündə.

Yenə yuxum ərşə çəkilib bu gecə. Ruhum bu torpaq qəfəsə sığmır. Çıxıb gedirəm təbiətin o sirli, dumanlı ağuşuna. Külək saçlarımı sığallayır, yarpaqlar sanki pıçıltı ilə mənə təsəlli verir. Ayaqlarım məni hara aparır, bilmirəm, amma ulduzlar göydən mənə bir-bir süzülərək yol göstərir.

Hər ulduzun sayrışmasında tələbəlik illərimin o ən gözəl, ən təmiz xatirələri alovlanır. Gözlərim dumanlanır... Zeynəbin o heç vaxt solmayan, ömrümüzə günəş kimi doğan səmimi gülüşü, Sevincin baxışlarındakı o dərin, sakit hüzn və təmizlik gəlib durur qarşımda. Biz eyni yolları addımlamışdıq, eyni arzuların işığına qaçmışdıq. İndi isə o gur səsli auditoriyalardan, o qayğısız günlərdən geriyə sadəcə gecənin sükutunu yırtan yarımçıq qalmış pıçıltılar qalıb. Ölüm bəyaz bir qaranlıq kimi necə də erkən ayırdı sizi bu dünyadan...

Ürəyimin ən dərininə bir sual sızır indi, ruhumu sızım-sızım göynədir: sabah mən də bu köçəri dünyadan gedəndə, mənim də pəncərəmə ay işığı düşəndə, arxamca ağlayan, məni səmimi bir sevgiylə yuxularında axtaran bir kəs olacaqmı? Yoxsa zaman məni də hər kəs kimi unuduluşun o sonsuz, dibsiz dənizinə üfürəcək?

Bilmirəm... Bəlkə də insanın əsl qiyməti, onun yoxluğunun yaratdığı o böyük, dolmayan boşluqda gizlənib. Zaman hər kəsi unutdurur, amma Zeynəb və Sevinc kimi qəlbi işıqlı dostları unudan zamanın özü belə utanır.

Ruhunuz şad olsun, əziz tələbə yoldaşlarımız!

 

14.05.2026