Sona Vəliyeva : - YAZMADIĞIM ŞEİR
Yazmadığım şeir, bağışla
məni.
Əkmədiyim çinar pöhrəmsən,
Mənim günahımdan
doğulmayan körpəmsən,
açılmağa düyümlənən
qönçəmsən,
açmağa qoymadım.
İçimdən gələn haqq işığıydın
görmədim, duymadım,
qapını bağladım.
Bir az təpərə möhtacdın,
sənə qıymadım.
Havasız, işıqsız
boğuldun qaranlıqda,
məni bağışla.
Bir kişinin sayğısına,
bir cüt balamın
qayğısına,
evimin, gün-güzəranımın
ayağına yazdım səni,
yazmadığım şeir,
bağışla məni.
Yazılsaydın övlad dadıydın,
qəlb rahatlığıydın,
baş tacıydın.
Çox şeylərə qurban
verdim səni,
boğdum öz əlimlə
səni,
boğdum səni öz içimdə.
Hərdən günahımın
cəzasına çevrilirsən sən də
sevgisizlik davasına,
qayğısızlıq qayğısına,
ev darlığına,
dəli eləyən
baş ağrısına dönürsən,
içimi didirsən,
“dözmək yaxşısa,
döz görüm!” - deyirsən.
Əzabım, itən ağız dadım,
günahım, cəzam
mənim,
bağışla sən Allah,
yazmadığım şeirim.