Sevil Azadqızı - Noyabrın son günləri
"Bəzən bir insanın yoxluğu təkcə səssizlik deyil, zamanın öz mənasını itirib yarımçıq qalmasıdır."
Payızın bu son təbəssümü də solğun bir xəstənin dodaqlarındakı vidaya bənzəyir. Təqvim vərəqləri bir-birindən qopub düşdükcə, sanki zaman özü də üşüyür, büzüşür və qışın soyuq qucağına sığınmağa tələsir. Pəncərə şüşəsinə döyən narın yağış damcıları göy üzünün yerə pıçıldadığı yarımçıq cümlələr kimidir — nə oxumaq olur, nə də susdurmaq...
Budaqlardan qopub torpağa qarışan hər sarı yarpaq bir ömrün, bir xatirənin səssiz dəfnidir. Təbiət belə soyunub çılpaq qalarkən, mən içimdəki bu qalın həsrət libasını necə çıxarım? Səni necə unudum, Ruhum, de?!
Sən getdin, amma gedişinlə bu şəhərin bütün saatlarını əqrəbsiz qoydun. İndi burda vaxt irəli getmir, sadəcə sənin yoxluğunun ətrafında fırlanır. Gecənin qaranlığına bürünmüş bu səssiz küçə belə sanki sənin ayaq səslərinə həsrət qalıb, addımlarımı udur, amma bir kəlmə cavab qaytarmır. Küçə fənərlərinin solğun işığı altında uzanan o boş səkilər kimisən indi — həm yaxınsan, həm də əlçatmaz.
Nə bir sorağın gəlir, nə də uzaqdan-uzağa bir xəbərin... Masa üstündə can verən bu susmuş telefon da sənin kimi inadkar çıxdı — nə zəngi çalır, nə də ekranı işıqlanır. Göndərilməyən, yarıda silinən, yazılmayan mesajların ağırlığı barmaqlarımın ucunda daşlaşıb. Adam bir ömrə sığdırdığı adamı bir payız axşamının qaranlığına, bir də cavabsız sualların içinə necə sığdırsın? Küləyin sovurduğu xəzəlləri bir-bir yığıb yenidən budağa yapışdırmaq mümkün olmadığı kimi, səndən qalan bu sınıq-salxaq xatirələri də bütöv bir "biz" etmək olmur daha.
İntizar dediyin nədir ki? Bir ömür boyu açılmayacaq bir qapının astanasında gözünü yollara dikib qocalmaq deyilmi? Mənim gözlərim indi noyabrın boz səmasına bənzəyir — nə günəşi çıxır, nə də buludları dağılır. İçimdə elə bir sükut böyüyür ki, səsini eşitsən, qorxarsan.
Bu səssiz küçənin üstünə çökən duman kimi, sənin də həsrətin ruhumun bütün dalanlarına dolub. Noyabr bitir... Bir azdan qar yağacaq, bütün izlər, bütün çirkab, bütün yaralar ağ örtüyün altında gizlənəcək. Bəs mənim içimdəki bu qara boşluğu, bu xəbərsizliyi hansı qar örtəcək? Səni necə unudum ki, unutmaq özümə xəyanət olar...