Ağa LAÇINLI- UZAQ YOLA ÇIXASIYAM

Ədəbiyyat 20:15 / 25.11.2026 Baxış sayı: 345

 

 

Uzaq yola çıxasıyam, uğur dilə, –

Gedim görüm o taylarda nə var, nə yox.

Sınıq ömrün son görkünə gülə-gülə

Gedim görüm o taylarda nə var, nə yox.

 

Yerin Göyə salamıdı hər qol-budaq,

Sısqa su da tanrılaşır bulaq-bulaq.

Ta başını saxlayırsan, məni burax, –

Gedim görüm o taylarda nə var, nə yox.

 

Təkliyinə yuva gəzən perik quşam,

Heç bilmirəm kimə yeməm, nəyə tuşam.

Ruh evinin qarasına bərk uçmuşam,

Gedim görüm o taylarda nə var, nə yox.

 

Yol qurtarıb. Yer tapmıram dəhmərrənim,

Çox istərdim az hərrənim, az girrənim.

Tabut göndər təhnəsinə tez tirrənim, –

Gedim görüm o taylarda nə var, nə yox.

 

Guya qəbir doğum evi. (Niyə guya?)

Bu dünyamız doğur bizi o dünyaya.

Yağlı suçu yağlı dilnən yuya-yuya

Gedim görüm o taylarda nə var, nə yox.

 

Uğur dərddi. Savab qoymur gor üşünə.

Küyə düşdüm, canı verdim qurd dişinə.

Quşum qonub dədə-baba görüşünə,

Gedim görüm o taylarda nə var, nə yox.

 

Son ağrı da qurtuluşdu. Yavaş danış.

Mələyən ov güllə yeyir gav aşmamış.

Allahıma ağ olmamış, savaşmamış

Gedim görüm o taylarda nə var, nə yox.