Əbülfət Mədətoğlu - KÖZƏRƏN TƏNHALIQ
"Tənhalığın rəngi" kitabımın işığında
Hər bir insan fərd olaraq zaman-zaman sınanır. Bu sınaq bütün müstəvilərdə baş verir. Ona görə də konkret sınaq meydanı hər kəsin öz alın yazısından, öz taleyindən gəlib keçir. Yəni, hansı sahədə və nəyə, niyə görə sınanırsansa meydan da ona uyğun olur. Bu mənada mən öz ömür kitabımı bəlkə də gündə min dəfə vərəqləyirəm. Hər vərəqdə də özüm özümü iddiham edirəm. Çünki etdiyim günahlar, çəkdiyim ahlar yerdən-göyə körpüdür. Ona görə də o körpünün üstündə dayanıb aşağıdan yuxarı və yaxud da tərsinə baxanda əlim heç yana çatmır. Çünki o körpünün özü də boşluqdur, dayandığım yer kimi. Elə indiki anın özündə də bir boşluqda dayanmışam və nə isə gözləyirəm, kiməsə getməyə tələsirəm. Ona görə də bu körpü vağzalda, bu ömür yolunun bir nöqtəsində özüm-özümə pıçıldayıram:
Vağzalda …
lap dəqiqi
perronda dayanmışam…
Qayğılı,
tüstülənən siqaretimlə tək…
Bunu yazmıramki,
oxusunlar…acısınlar…
ya da sən oxu
fikirçək…
Sadəcə
istəyirəmki,
özümü
möhkəm tutum
və qəhəri unudum!
Çünki,
yolasalan yoxdursa,
qarşılayan da olmayacaq
demək!
Görünür
elə bu səbəbdəndə
ürəyim
tənhalığım üçün
hər an,
hər gün
şumlanıb lək-lək…
Eh…son bu imiş –
sevgisizlik…fələk!..
Bəli, Azərbaycanın çox dəyərli şairlərindən, unudulmaz söz adamlarından biri , həmişə oxucularının , o cümlədən də mənim qəlbimdə yaşayacaq dostum Çingiz Əlioğlunun «Vağzallar» şeiri də burda mənim hayıma çatmır. Ona görə ki, tənhalıq, təklik daha güclüdür, daha dizi bərkdir, daha ağır yumruqludur. Ona qarşı çıxmaq təkbaşına mümkün deyil. Və sən də uzatdığım əli havada saxlayırsan. Deməli, əlim ətəkdən də tuta bilmir, əldən də…
Deyə bilərsənki, bu dünya təkcə kiminsə duyğularından, hislərindən, yaşamından ibarət deyil. Əgər belə olsaydı bütün dünyaya bəlli olan əbəd sevgilər nağı kimi, dastan kimi qalmazdı. Gerçəkliyin özü olardı və biz də hər gün onunla qarşılaşardıq. Neyləmək olarki, bizim istəyimi dünyanın istəyi deyil, ona görədə düz gəlmir və…
Əvvəldə dedim ki, bir fərd olaraq hər birimiz öz qədərimizi yaşayırıq, öz kədərimizi daşıyırıq, öz sevincimizi böyütməyə, süsləndirməyə cəhd edirik. Təbiiki, belə də olmalıdı. Axı ömür bir dəfə verilir və onun ölçüsü məlum deyil. «Ol»-dan «Öl»-ə qədərdi məsafə. Bir an da ola bilər, yüz il də. Və bu məsafənin içərisində boşuna xərclədiyimiz, sağa, sola səpdiyimiz günlər, aylar, illər var, olub və olacaqdı da. Ona görə ki, biz hər şeyi sonradan qiymətləndirməyə, dəyərləndirməyə öyrəşmişik. Ox yaydan çıxandan sonra təəssüf etmək vərdişimiz danılmazdı. Məhz bu dediklərimə söykənərək bir məqama yenidən qayıtmaq istəyirəm. O da mənim yaşadığım daxili təklik, daxili tənhalıq…bir də sənin həyatımdakı izlərin... Bunu isə bir Allah bilir, bir də sən... Allaha duam çatmır, sənə isə əlim. Və deməli bu tənhalıq mənim qədərim, alın yazım olduğu danılmazdı. Ona görə də mən sənə üz tutaraq ürəyimin istəyini bir pıçıldayıram:
Bir gilə göz yaşına
büküb məni at küncə…
O, küncə nəzər yetir –
Gülüm, yatmazdan öncə…
Yuxuna layla kimi
Səpiləcək bu halım…
Cavabını alacaq –
Sevirsənmi? – sualım…
Yastığına damandan
Üşənəcək otağın…
Göynəyəcək yanağın –
Buzlayacaq yatağın…
Beləcə aparacaq
Yuxu səni özüylə…
Yat, amma gör yuxunu –
Əbülfətin gözüylə!
İndi payızın addım səsləri daha sürətlənib... Sanki yanaşı addımlayırıq... hətta əlindən tutmuş kimi hiss edirəm... Yarpaq tökümünün həniri də özünü çatdırıb, hiss etdirir. Burda bir ədalət prinsipi var. Yəni zaman hakimdir. Bizim istəyimizdən asılı olmayaraq vaxt öz işini görür, fəsillər bir-birini əvəz edir. Deməli, yazın gəlişinə sevinən bəndə payızın nəfəsin duyduqca kövrəlməyə başlayır. Bu, obrazlı ifadə olsa da, daxilində bir gerçəklik hakimdi. Gerçəkliyi də insan özü yaradır, yəni biz özümüzüçün bunu normal bir şəkildə qəbul etmişik. Və ömrümüzün payızını elə saralan yarpaqlara bənzədərək yavaş-yavaş üzüqışa, özü də hardasa dirəşərək, tələsmədən getmişik. Bizim tələsib-tələsməməyimiz isə heç nəyə yaramayıb. Yenə təkrar edirəm:
- Zamanı durdurmaq mümkün deyil. Mən zaman ölçülərini heçnəyə bənzədə bilmirəm. Heç kimin ömürlüyünə uyğunlaşdırmaq gücüm də yoxdur. Bircə özümdən və sevgimdən başqa. Çünki sevgi bu zamanın özü boydadır. Onun mənimlə hər anımda və gerçək bir şəkildə təmasda olması danılmazdı. Dünənimdə də, bugünümdə də, əgər var olsam sabahımda da olacaq. Bu inamı mənə Tanrım verib. Bilirəm ki, Tanrının verdiyini d yalnız Tanrı ala bilər. Haqdan gələnin qarşısında bütün varlığımla dayanıb onu qarşılamaqla yanaşı onu yaşatmağı da bu günə qədər bacarmışam və…
Gileylənmə bu sevgidən , bu eşqdən
Dörd fəsili bircə anda yaşadır!
Gülümsədir ruhu səssiz , qəfildən -
İki canı bircə canda yaşadır!
Gah qolların çataqlayır kədərin,
Gah yazısın cilalayır qədərin!
Birləşdirir yerin, göyün hədlərin -
Xoş anları , hər bir yanda yaşadır!
Qibləgahım seçəndən Bir Qadını,
Hiss edirəm məhəbbətin dadını!
Gecə, gündüz sayıqlanan adını -
Dil dodaqda, ürək qanda yaşadır!
Yolun seçib, işin bilib gedən mən
İşim yoxdu öz yoluynan gedənnən!
Bil, Əbülfət bu dünyadan gedəndən -
O dünyada , sənli bir şan yaşadır!..
Mən özümdən, sözümdən həmişə incik olsam da, bircə nöqtədə özümü də, sözümü də günahsız görürəm. O da səni düşünmək, səndən yazmaqdı. Deyə bilərsən ki, bütün yazdıqlarında varamsa, deməli məni düşünmədiyin an yoxdur. Bəli, bu həqiqətdir və elə həqiqə olduğuna görə sən də heç olmasa gününün, ayının, ilinin bir anın da məni düşün. Mənim nə çəkdiyimi, necə yaşadığımı dəyərləndir, mənə görə yox, özünə və sevginə görə…
Hə, gəlimli-gedimli dünyanın hər üzünü görüb tanıya-tanıya yaşlaşırıq və elə bilirik ki, sabah bugündən hansısa bir mənada bizim üçü daha yaxşı olacaq. Bu bir düşüncədi, bir istəkdi, bir xəyaldı. Gerçəkdə isə bizim istəklərimiz elə tumurcuq da solur, çiçək açmır. Bu, ümidsizlik deyil. Bu, mənim sənə çatdırmaq istədiyim duyğularımın bir ləçəyidi. Əgər oxşamaq, toxunmaq istəsən, aç əlini. Amma elə et ki, gözlərindən o ləçəyə şeh düşməsin…
…Ürəyindəkilərin səsini kağıza köçürə bilmirəm, rəsmini çəkməyə gücüm çatmır. Amma özümü cəmləyib indiki anda sənə bunu pıçıldayıram:
Ayağını şeh öpürsə
nə gözəl!..
Yanağını meh öpürsə –
nə gözəl!..
Saçlarına külək daraq,
Qələminə ürək varaq…
Dilinə Yar sözü yaraq –
nə gözəl!..
Baxışına Günəş çəpər –
Olub, alıb səndən təpər,
Baxışından o nur səpər –
nə gözəl!..
Varlığına səcdə varsa,
Səcdəgah Allah, həm yarsa…
Məni bu sevgi aparsa –
nə gözəl!..
Hə, mən bu yazını bilgisayara diktə edərkən elə bildimki, bitdi daha tənhalıq! Artıq yalqız, tək deyiləm.... Amma yazıya nöqtə qoyub əlimi alışqana uzadan da gördüm ki, yenə səssizliyin içində tüstülənirəm Yenə sən ruhən məndəsən. Mən isə…tənha.