Qələbəyə ürəkdən inanan Babək

YAZARLAR 12:30 / 26.11.2026 Baxış sayı: 664

 

Babək Ənnağıyev şanlı tariximiz olan 44 günlük haqq savaşımızda  yağıya qarşı son damla qanına qədər döyüşərək misilsiz fədakarlıq göstərib.

Ömür yolu yarımçıq qalsa da, qazanılan parlaq qələbəmizin qəhrəmanlıq simvoluna dönərək  adını xalqımızın yaddaşına əbədi həkk edib.  Babəkin ömür yolu qısa  oldu,  amma gələcək nəsillər də ondan örnək götürəcək.

Qanı bahasına torpağı Vətən edən şəhid Babək Ənnağıyev 1994-cü ildə Sabirabad rayonunun Qasımbəyli kəndində dünyaya göz açıb. Halal bir ailədə boya-başa çatan  Babəkhəyatı dərk edəndən   doğma Azərbaycanın hər qarşını özünə əziz bilib. Məhz buna görə də,  erməni dığalarının Qarabağımızın işğalı ilə   barışmayıb. Ürəyində mənfur düşmənə kin, nifrət bəsləyib, birinci arzusu  qisa almaq olub. Orta məktəbi bitirib 2012-ci ildə ordu sıralarına, müqəddəsliyinə tapındığı  Vətənin keşiyinə yollanıb.

Cəbhə bölgəsi sayılan, Qazax rayonu ərazisində yerləşən “N” saylı  hərbi hissədə  şanlı forma geyinib. Bunda  şərəf duyub,  ilk gündən  cəsurluğu, igidliyi, mərdliyi, yurda sədaqəti  gənc əsgərin köməkliyinə gəlib və komandirlərin bütün tapşırıqlarını layiqincə yerinə yetirib. Daim nümunəvi xidməti, fədakarlığı ilə fərqlənən Babək qatıldığı təlimlərdə  də  əla döyüşçü keyfiyyətləri  nümayiş edib. Beləcə,  zabitlərin, əsgərlərin sevimlisinə çevrilən Babək Ənnağıyev 2014-cü ildə üzüağ evinə qayıdıb.

Babək heç cür evdə rahatlıq tapa bilməyib. Daim yağıya əsir düşən Vətənin  bir guşəsi olan  Qarabağı düşünüb. Dost-tanışa da deyib ki, müharibə olsa birinci özüm gedəcəyəm və son qarşı torpağın azad olunacağı günədək düşmənlə döyüşərəm.

Bəli, Vətən torpağının hər qarışı uğrunda döyüşə hazır duran  Babək Ənnağıyev  İkinci Qarabağ müharibəsi  başlanan kimi  onun harayına səs verənlərin birincisi olub. Ölüm-dirim savaşları gedən ən qaynar nöqtələrdə  düşmənə sarsıdıcı zərbələr endirib. Nəticədə dığalar ciddi itkilərlə geriyə çəkilib. Daha sonra Cəbrayılın azadlığı uğrunda mərdliklə vuruşub, bir-birindən çətin döyüş əməliyyatlarında düşmənin çoxlu sayda hərbiçini,  texnikasını məhv edib.

Babək hər dəfə müharibə meydanına girəndə  qələbəyə ürəkdən inanıb. Məhz bu inamla da polad sinəsini  yanar od edib düşmənin bağrını çatlayan igid Vətən oğlu Füzulidə sözün əsl mənasında tarix yazıb. Azad olunan ulu torpağın bağrına zəfər bayrağını sancandan sonra ağır yaralanıb və oktyabrın 7-də  Vətən eşqi ilə  döyünən ürəyi dayanıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda öz xidməti vəzifələrini,  döyüş tapşırığını uğurla yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Babək Ənnağıyev Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Cəbrayılın azadlığına görə  medallarla təltif edilib.

Şəhid Babək Oqtay oğlu Ənnağıyev öz qanı ilə Azərbaycanın  yeni, şanlı tarixini yazan qəhrəmanlardandır.  Qərinələr keçsə belə o, unudulmaz və əbədi qəlblərdə yaşayacaq.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü