Firidun Agazade - Sarının şeiri

Ədəbiyyat 17:29 / 25.11.2026 Baxış sayı: 365

 

 

Uşaqlar ağ varaqda

bir sarı ləkə çəkib,

deyirlər, bu Günəşdir.

Sarı Günəşin rəmzidir.

Yəqin buna görə sarışın saçlı xanımlar

adamı daha çox cəzb edir –

Kainat heliosentrikdir, axı.

Payızın qızıl sarısı bir ovsun!

Kədərin rəngi niyə sarı olsun?

“Sarı bülbül”,

“Sarı gəlin”.

Sarı çətir.

“Sarı sünbül bizim çörək”,

Daha nə sarı var, görək.

Sezen Aksudan,

İradə Tuncaydan “Sarı odalar”,

Lənkəranda “Sarı” adlı ada var.

Təzəgül nənəmin

yorğan qatında gizlətdiyi heyva,

Ey vah!

Elə ki qatını açırdı,

Heyva əlində sarı işıq saçırdı.

Tofiq Bayram “saralırdı yetim-yetim”

sevgi intizarında.

Jurnalistlər sarı jilet geyirlər,

Sarı ərik – behişt meyvəsidir, deyirlər.

Yumurtadan təzə çıxmış sarı cücə.

“Köynəyi sarı,

gəl bizə sarı...”

Limon sarısı,

Yumurta sarısı,

“Sapsarıca yemişəm,

Ərəbidən gəlmişəm” - Təbriz tapmacası.

Skandinavların yüzdə yetmişi sarışındır.

Təqvimdə Sarışın Qızlar Günü var,

İlk taksilər sarı olub,

Sarı rəngli taksilər

uzaqdan yaxşı seçilir.

Sarı zolaqlı piyada keçidləri

rahat, arxayın keçilir.

Sarı mətbuatla işimiz yox.

Təhlükənin sarı səviyyəsi – mənim səbrim.

Yaxşıdırmı, pisdirmi, nəblim.