Namiq Dəlidağlı - Xan Laçına gedə bilmədi Ağa Laçınlı
Xan Laçına gedə bilmədi Ağa Laçınlı
Üçcə dəfə gördüm Ağa Laçınlını -
ağa kişi kimi;
sözünün ağası kimi;
Ağa Laçınlı kimi.
Söhbətinin dadı qaldı damağımda -
bal kimi;
şəkər kimi;
şərbət kimi.
Sonra araya vaxt düşdü -
ayrılıq kimi;
hicran kimi;
həsrət kimi.
...Çiçəklərin ballanmağını
arılardan qabaq duyurdu Ağa Laçınlı.
Laçın dağlarından şirə toplayıb
kitab şanlara hörürdü Bakıda...
Auditoriyalarda bal daddırırdı tələbələrinə...
Sonra karxana auditoriyalardan
beçələrini uçururdu:
şirə çəkməyə, bal toplamağa.