Qadına qarşı kim zorakılıq edir? – Kişilərin düşündürən cavabları

MÜSAHİBƏ 11:07 / 26.11.2026 Baxış sayı: 640

BMT Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 25 Noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edilib. Zorakılığa qarşı mübarizə, qadın hüquqlarının qorunması və təhlükəsiz həyat şəraitinin təmin edilməsi hər kəsin məsuliyyətidir. Yardım çağırışları bəzən səssiz olur… Heç bir zorakılığa biganə qalmayan EmpaTV olaraq bu gün də məhz bu mövzunu geniş müzakirə etdik. “Qadınlara qarşı kim zorakılıq edir?” və ya “ Bu gün biz kiminlə mübarizə aparırıq?” sualı ilə xalq tərəfindən sevilən, mövqeyi və ststusu ilə seçilən bir neçə Azərbaycan kişisinin fikrini öyrəndik.

Seyran Səxavət Xalqın sevimli yazıçısı, şair, dramaturq, publisist və tərcüməçi: - Hörmətli Pərvanə xanım, Ümumiyyətlə, götürəndə, ilin 365 günü müxtəlif əlamətdar günlərlə doludur. Qadınlar günü, Uşaqlar günü, Novruz bayramı və sair. Əslində, bu günlərin mövcudluğu bəşəriyyətin həmin müqəddəs dəyərlərə münasibəti haqqında çox şey deyir. Qadınlara qarşı zorakılığa dözümsüzlük yalnız ildə bir gün xatırlanmamalıdır. Bu, hər gün aktual olan məsələdir. Çünki qadına qarşı zorakılıq ilin 365 günü baş verirsə, onunla mübarizə də hər gün aparılmalıdır. Bir gün elan etməklə bu problemin həllinə nail olmaq mümkün deyil. Məncə, zorakılıq ümumiyyətlə insani davranış deyil. Təkcə qadına deyil, heç bir canlıya qarşı zorakılıq qəbulolunmazdır. Qadın isə həm anadır, həm həyatın özüdür, çox böyük dəyərdir. Mən bütün zorakılıqların əleyhinəyəm. Hətta meşədə bir ağacın kəsilməsini belə təbiətə qarşı zorakılıq hesab etmək olar. Zorakılığın heç bir formasına haqq qazandırmaq olmaz. Buna görə də hər cür zorakılığı qətiyyətlə rədd edirəm.

Bahəddin Həzi Əməkdar jurnalist, yazıçı, publisist, "Bizimyol.info" saytının təsisçisi: - Bəlkə cavabım qəribə gələcək. Ancaq hər zaman demişəm: qadın - incəsənət əsəridir. Allah onu özünün incə zövqü ilə və yaradıcı şövqü ilə qənirsiz-qüsursuz, bir sözlə mükəmməl yaradıb. Tarixin ən dəhşətli savaşı - İkinci Dünya Müharibəsidir. Bu müharibədə hər iki tərəfdən on milyonlarla insan həlak olub. Ancaq bu müharibədə bir-biri ilə döyüşən bütün orduların generaliteti işğal və ya azad etdikləri böyük şəhərlərin rəsm qalareyaları və muzey ekspozisiyaları ilə daha çox maraqlanır, hər şeydən əvvəl qiymətli (əslində qiymətsiz!) sənət əsərlərini ələ keçirirdi. Deməli, incəsənət əsərinə qarşı zorakılıq edənin sənətdə anlayışı yoxdur, heç sənət zövqü və sənət duyumu yoxdur. Heyvanların və quşların da estetik duyğusu yoxdur. Kim qadına qarşı zorakılığa yol verirsə, deməli, yüksək sənətdən çox uzaq məsafədə yaşayır. Heyvani dərəcədə uzaqda!

Fariz Əkbərov Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsi yanında ivtimai şuranın sədri: - Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna əsasən Məişət zorakılığı dedikdə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, şəxsə qəsdən fiziki və ya mənəvi zərər vurma başa düşülür. Məişət zəminində zorakılıq şəxsə bir yerdə yaşadığı ailə üzvü, yaxın qohumu, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxs tərəfindən və qəsdən fiziki, psixi, cinsi zorakılığın və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi formasında özünü göstərir. Qadınlara qarşı zorakılıq; fiziki, emosional, cinsi, iqtisadi və sosial kimi müxtəlif formalarda təzahür edən, həm fərdi, həm də ictimai səviyyədə ağır fəsadlar törədən çoxşaxəli bir problemdir. Zorakılığın kökündə patriarxal system və iqtisadi asılılıq kimi struktur amillərlə yanaşı, hüquqi cəzasızlıq və psixoloji faktorlar dayanır. Bu problemlə mübarizə aparmaq üçün hüquqi mexanizmlərin gücləndirilməsi, qadınların iqtisadi müstəqilliyinin dəstəklənməsi və cəmiyyətdə gender bərabərliyi mövzusunda maarifləndirmə işlərinin aparılması zəruridir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfi yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.12.2011-ci il tarixli 207 nömrəli Qərarına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılmışdır. Məlumat bankında baş vermiş məişət zorakılığı halları, məişət zorakılığı halları ilə bağlı dövlət orqanlarına müraciət etmiş şəxslər, məişət zorakılığı halları ilə bağlı aparılmış araşdırmalar və araşdırmaların nəticələri, məişət zorakılığı halları ilə əlaqədar məsuliyyətə cəlb edilmiş şəxslər, məhkəmə qərarları, o cümlədən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, eləcə də valideynlik hüquqları bərpa edilmiş və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ləğv edilmiş şəxslər, akkreditə edilmiş yardım mərkəzləri, onların fəaliyyəti barədə və digər məlumatlar toplanır və təhlil olunur. Məişət zorakılığı ilə bağlı məlumatlar yalnız qanunla müəyyən edilmiş hallarda və qaydada verilə bilər və konfidensiallığın qorunması təmin olunur.

Bəhruz Niftəliyev Sənətşünaslıq üzrə fəlsəfə doktoru, şair: - Məncə zorakılıq təkcə əl qaldırmaq, fiziki zərər vurmaq deyil. O, bəzən təhqirdə, alçaltmaqda, iradəni əlindən almaqda, qadının seçimlərinə və şəxsiyyətinə hörmətsizlikdə də özünü göstərir. Mənəvi zorakılıq daha dərin yaralara səbəb olur. Qadını özündən aşağı görən, onun azadlığını, seçimlərini, hüquqlarını tanımayan, həyatına hökm etməyi özünə “borc” bilən hər kəs bu zorakılığın iştirakçısıdır. Qadın anadır, həyat yoldaşıdır, övladdır, bacıdır- İNSANDIR! O, həyatın özüdür, həyatın davamıdır. Deməli, qadın müqəddəsdir. Xanımlığını, ləyaqətini, şəxsiyyətini uca tutan hər bir qadın ən böyük hörmətə və sevgiyə layiqdir. Qadının təhlükəsiz yaşadığı cəmiyyət isə yalnız qadınlar üçün deyil, hamı üçün daha sağlam cəmiyyətdir. Biz qadınlara zorakılıq edən kişilərlə yanaşı, zorakılığı normal, qadının susmasını isə məcburi hesab edən düşüncə ilə mübarizə aparmalıyıq. Ümumiyyətlə qadın, kişi fərq etməz . İnsanlığa qarşı edilən hər bir zorakılıq faktı qınanmalı və qarşısı alınmalıdır.

Abid Tahirli AMEA Nizami Gəncəvi adına adına Ədəbiyyat İnstitutu Mühacirət ədviyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor: - Qadına qarşı zorakılıq çox geniş və mürəkkəb mövzudur. Bu zorakılığı törədən xüsusi bir insan qrupu və ya təbəqə yoxdur ki, yalnız onlar qadınlara qarşı belə davranış sərgiləsinlər. Əslində, qadına qarşı zorakılıq edən insan uşaqlara, yaşlılara, xəstələrə və digər müdafiəsiz insanlara qarşı da zorakılıq göstərə bilər. Bu məqamları nəzərə almaq və buradan müəyyən nəticələr çıxarmaq lazımdır. Təxminən 21 il bundan əvvəl baş vermiş bir hadisəni xatırlayıram. Qonşularla söhbət edirdik. Həmin vaxt bizim sahə müvəkkilimiz Nazir adlı bir kapitan idi. Qonşular onun narahat olduğunu görüb soruşdular: “Ay rəis, nə olub sənə? Niyə belə ah-uf eləyirsən?” O, bir hadisədən təsirləndiyini bildirdi. Səbəbini soruşduqda danışdı ki, 20 Yanvar metrosunun yaxınlığında boylu-buxunlu, cavan bir oğlanın yaşlı bir qadına qəfil bir-iki qapaz vurduğunu və onu təpiyin altına saldığını görüb. Polis əməkdaşı olaraq bu mənzərəyə dözə bilməyib və hadisəyə sərt reaksiya göstərib. Yaxınlaşdıqdan sonra oğlanı, demək olar ki, döyüblər. Əməlli-başlı qarşıdurma yaşanıb. Qadın isə artıq yerdə, üzüaşağı uzanmış, əlini göyə qaldıraraq yalvarırdı: “Aman, bala, onu vurmayın. O günahsızdır, peşmandır, mənim övladımdır”. Bu mənzərədən hamımız həddindən artıq təəssüfləndik və sonra dağılışdıq. Qadın isə hələ də oğlunu qorumağa çalışır, “Övladımdır, vurmayın onu”, – deyirdi. Mən sahə müvəkkilinə dedim: “Ay rəis, oğlan az eləyib”. O, təəccüblə soruşdu: “Necə az eləyib? Siz nə danışırsınız?” Cavab verdim: “Əlbəttə ki, az eləyib. Axı o tərbiyəni ona anası verib. Anası onu dünyaya gətirib, böyüdüb, bu yaşa çatdırıb, ona tərbiyə aşılayıb. Ona görə də təəssüflənməyin. Əgər bir insan öz anasını bu şəkildə döyürsə, sabah tində, dalanda, başqa bir yerdə başqasının xanımına, anasına, həyat yoldaşına, qızına da eyni münasibəti göstərə, ona əl qaldıra bilər”. Məhz buna görə də qadına qarşı zorakılıq məsələsinə fərdi və eyni zamanda, daha geniş müstəvidə yanaşmaq lazımdır. İnsanların düşüncəsi, psixologiyası və həyat tərzi nəzərə alınmadan bu problemin səbəblərini tam anlamaq mümkün deyil. Qadına qarşı zorakılıq edən şəxsin davranışına yalnız konkret bir hadisə kimi deyil, onun ümumi insani münasibətlərinin və tərbiyəsinin göstəricisi kimi də baxmaq lazımdır. Səyavuş Hüseyinli Teleaparıcı, rejissor, "SOY production"nın bədii rəhbəri və həmtəsisçisi, nitq təlimçisi: - Zorakılıq sözü belə məndə ikrah oyadır. Məncə zorakılıq təkcə fiziki güc deyil. Susdurmaq da, alçaltmaq da, qorxutmaq və azadlığı məhdudlaşdırmaq da zorakılıqdır.Texnologiya inkişaf edir, insanlar daha çox təhsil alır. Amma bütün bunlar çox təəssüf ki, insan münasibətlərindəki zorakılığı avtomatik aradan qaldırmır. Biz gərək qadının susmasını razılıq, qorxusunu zəiflik, dözməsini isə ailəni qorumaq kimi təqdim etməyək. Uşaq vaxtından insanlara hörmətin, bərabərliyin və şəxsi sərhədlərin nə olduğunu öyrətməliyik. Zorakılıqla qarşılaşan qadını günahlandırmaq əvəzinə ona dəstək olmalı, hüquqi və sosial müdafiə mexanizmlərini gücləndirməliyik. Qadına hörmət sadəcə söz deyil. Bu, davranışdır, məsuliyyətdir və ən əsası insanlıqdır.

Qəşəm Nəcəfzadə Şair, yazıçı, publisist və Əməkdar mədəniyyət işçisi: - Həqiqətən, qadına qarşı zorakılıq deyəndə ilk növbədə kişilərin qadınlara qarşı göstərdiyi şiddət nəzərdə tutulur. İllərdir kişilərin qadınlara qarşı zorakılığı pislənilir. Mən də kişilərin qadınlara zorakılıq göstərməməli, onlara şiddət yetirməməli olduğu fikri ilə razıyam. Bu, doğrudur, aksiomadır və mübahisə mövzusu deyil. Amma gəlin məsələnin əks tərəfini də düşünək. Elə qadınlar var ki, ərləri arvadlarının qorxusundan evə gəlmirlər. Bu da kişiyə qarşı şiddət deyilmi? Kişini evdən qaçırdırlar, kafelərə, içkiyə, evdən uzaqlaşmağa sövq edirlər. Elə bilirlər ki, bununla kişini əldə saxlamaq olar. Əslində isə kişini özləri evdən qovur və itirirlər. Bu da kişiyə qarşı zorakılıqdır. Xahiş edirəm, bunu xüsusi olaraq qeyd edəsiniz. İkinci məsələ: qadına ən ağır şiddəti kim göstərir? Qaynana. Bəs qaynana kimdir? Qadın. Qaynana özü də şiddətə məruz qalır, ona da öz qayınanası tərəfindən zorakılıq göstərilir. Qadınlar zaman-zaman bu məsələləri öz aralarında həll edə bilməyiblər. Qadınların birbirinə göstərdiyi şiddət və zorakılıq bəlkə də kişilərin göstərdiyindən milyon faiz artıqdır. Elti-eltiyə, elti baldıza, baldız gəlinə, gəlin baldıza qarşı münasibətlərə baxaq. Bu da zorakılıq deyilmi? Qadınların bir-birinə qarşı göstərdiyi bu münasibət şiddət deyilmi? Qadınlar öz aralarında bu məsələləri indiyə qədər həll edə bilməyiblər. Əgər belə hallar varsa, qadınlar bunları öz aralarında çoxdan həll etməli idilər. Mən qadına qarşı zorakılığın əleyhinəyəm və bu fikirlə tamamilə razıyam. Amma məsələnin əks tərəfi də var. Qadınlar da bu barədə düşünməlidirlər.

Azər İqrar Şair, bədii qiraətçi: - Mən belə hesab edirəm ki, qadına qarşı zorakılığı ilk növbədə qadınların özləri də törədirlər. Açığını deyim, məsələn, məni çox düşündürən məsələlərdən biri qohum evlilikləridir. Bu evliliklərdə qanundan yayınmaq üçün valideynlik əlaqələrindən imtina edilməsi kimi hallara rast gəlinir. Məsələnin ikinci və daha ağır tərəfi isə odur ki, qadın öz qohumu ilə ailə qurur, lakin dövlət qeydiyyatından, yəni ZAGS dediyimiz nikah qeydiyyatından keçmirlər. Nəticədə hər hansı problem, xoşagəlməz hal meydana çıxarsa, yenə əzilən tərəf qadın olur. Qadınların özlərinə zülm etməsinin başqa bir tərəfi də var. Təbii ki, bunu hər kəsə şamil etmirəm. Təəssüf ki, xüsusilə gənclər arasında böyük əksəriyyət bizdən Şərq mədəniyyəti gözləyir, amma özləri Avropa sayağı yaşamağın tərəfdarı olurlar. Rusiyada yaşayarkən orada müəyyən bir vəzifədə çalışırdım. Mənim çox mədəni, yaşlı, milliyyətcə rus olan bir yaxınım var idi. Bir dəfə əməkdaşlarımızdan olan qızlardan biri yaxınlaşaraq mənim həmin şəxslə söhbətimə müdaxilə etdi, nəsə soruşmaq istədi. Mən də həmin qıza irad bildirdim, hətta səsimi qaldırdım. Yanımda olan o mədəni ağsaqqal kişi isə bundan çox məyus oldu və çıxıb getdi. Bir qədər sonra onun yanına gedib üzr istədim. Dedim ki, məni bağışlayın, sizin yanınızda səsimi ucaltdım. O isə mənə belə cavab verdi: «Ay oğul, sən qadına səsini qaldırdın. Bu, çox xoşagəlməz haldır. Amma bədbəxtçilik o deyil. Bədbəxtçilik ondadır ki, bu xoşagəlməz halı artıq qadın normal qəbul etdi. Kişinin qadına qışqıra biləcəyini adi hal hesab etdi». Bu sözlər məni çox düşündürdü. Biz kişilər nə vaxt bu qədər alçaldıq ki, qadına qarşı öz tərəfimizdən göstərilən kobudluq, hətta zorakılıq belə normal qəbul olunmağa başladı? Qadın bizim kobud davranışımızı nə vaxt adi hal kimi qəbul etdi? Ona görə də deyirəm ki, qadını ən çox qadından qorumaq lazımdır. Təbii ki, qadını diqqətsizlikdən də qorumaq lazımdır. Bu isə artıq birbaşa kişilərə aid olan məsələdir. İstənilən qadına – həyat yoldaşımıza, qızımıza, anamıza, bacımıza və ya sadəcə hansısa məkanda yanımızda əyləşən bir qadına – xoş davranış bəxş etməliyik. Çünki bu, biz kişilərin borcudur. Ona görə də bu sual əslində ikibaşlı sual olaraq qalır: Qadını diqqətsizlikdən və kişilərin kobud münasibətindən qorumaq lazımdır, qadın isə özünü həmcinslərindən qorumalıdır.

Qəşəm Nəcəfzadə Şair, yazıçı, publisist və Əməkdar mədəniyyət işçisi: • Həqiqətən, qadına qarşı zorakılıq deyəndə ilk növbədə kişilərin qadınlara qarşı göstərdiyi şiddət nəzərdə tutulur. İllərdir kişilərin qadınlara qarşı zorakılığı pislənilir. Mən də kişilərin qadınlara zorakılıq göstərməməli, onlara şiddət yetirməməli olduğu fikri ilə razıyam. Bu, doğrudur, aksiomadır və mübahisə mövzusu deyil. Amma gəlin məsələnin əks tərəfini də düşünək. Elə qadınlar var ki, ərləri arvadlarının qorxusundan evə gəlmirlər. Bu da kişiyə qarşı şiddət deyilmi? Kişini evdən qaçırdırlar, kafelərə, içkiyə, evdən uzaqlaşmağa sövq edirlər. Elə bilirlər ki, bununla kişini əldə saxlamaq olar. Əslində isə kişini özləri evdən qovur və itirirlər. Bu da kişiyə qarşı zorakılıqdır. Xahiş edirəm, bunu xüsusi olaraq qeyd edəsiniz. İkinci məsələ: qadına ən ağır şiddəti kim göstərir? Qaynana. Bəs qaynana kimdir? Qadın. Qaynana özü də şiddətə məruz qalır, ona da öz qayınanası tərəfindən zorakılıq göstərilir. Qadınlar zaman-zaman bu məsələləri öz aralarında həll edə bilməyiblər. Qadınların bir-birinə göstərdiyi şiddət və zorakılıq bəlkə də kişilərin göstərdiyindən milyon faiz artıqdır. Elti-eltiyə, elti baldıza, baldız gəlinə, gəlin baldıza qarşı münasibətlərə baxaq. Bu da zorakılıq deyilmi? Qadınların bir-birinə qarşı göstərdiyi bu münasibət şiddət deyilmi? Qadınlar öz aralarında bu məsələləri indiyə qədər həll edə bilməyiblər. Əgər belə hallar varsa, qadınlar bunları öz aralarında çoxdan həll etməli idilər. Mən qadına qarşı zorakılığın əleyhinəyəm və bu fikirlə tamamilə razıyam. Amma məsələnin əks tərəfi də var. Qadınlar da bu barədə düşünməlidirlər. Pərviz Müzəffərli Pedaqoq-psixoloq: • Maraqlı və aktual sualdır. Fikrimi çalışacağam qısa olaraq ifadə edim. Bəzi ölkələr istisna olmaqla, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə qadına qarşı zorakılıq kəlməsi artıq unudulub, keçmişdə qalıb. Çünki nəzərə alsaq ki, qadınların uğurları, biznes dövriyyələri, iş həyatları, qazanc və bacarıqları, qısası, uğurlu həyatları var, burada zorakılıqdan söhbət gedə bilməz. Bu, danılmaz bir faktdır. O ki qaldı hər il qeyd olunmasına, məncə, bu, artıq adət halı kimi qeyd olunur desək, yanılmaram. Əsas odur ki, xanımlar özlərini zor duruma salmasınlar. Bir də bəzən dövlətlərin geyimlə bağlı çıxardığı qərarlar ucbatından qadın hüquqları tapdalanır və bu da xırda zorakılıq kimi qeyd olunur, əfsus ki. Qadınları qorumaq, onlara dəstək olmaq, kimliyindən asılı olmayaraq, əks cinsin həyat prioriteti olmalıdır. Çünki həyat bölüşdükcə, paylaşdıqca gözəldir. Daim pozitiv qalaq və ruhumuzu qoruyaq.

Qulu Ağsəs Şair, publisist, jurnalisti və 2014-cü ildən "Ulduz" jurnalının baş redaktoru, əməkdar jurnalist - Dünyanın o başında Səni neçə şahlar satıb, Qadın, necə şairlər qələmə alıb, Səni bütün kişilər sevib, aldadıb, Qadın! Dünyanın bu başında mənə ancaq üzr istəmək qalır Sənin qarşında!..

Hazırladı: Pərvanə Eyvazqızı