Saqif  Qaratorpaq - Ürəyimə köçürmüşəm

Ədəbiyyat 14:40 / 14.07.2026 Baxış sayı: 397

***

Ürəyimə köçürmüşəm

səni necə varsan elə.

Hər gün sənə qayıdıram,

mən səni çəkirəm hələ...

 

Qaçıb eşqinə sığındım,

qərib könlümdə təklənib.

Göz yaşımla yanağıma

çəkib həsrətin şəklini.

 

Bu gecə də ötdü sənsiz,

Sızıldayır barmaqlarım.

Ləçək-ləçək solur ömrüm,

söz-söz ölür dodaqlarım...

Eh...bizimki yazdan keçib,

bitməz,yüz yağa yağışlar...

sən çəkən köhnə şəkildi

soyuq alnımda qırışlar.

Öz adım yükdü çiynimə,

sonacan apara bilsəm...

Nə yaxşı ki səni tapdım,

səndən sənə vara bilsəm..