ÖZ EŞQİMƏ TƏN BİLMİŞƏ - Səməndər Nəsirov
Ədəbiyyat
21:42 / 14.07.2026
Baxış sayı: 217
Niyə məni dərd içində qoyubsan,
Məgər duman-çən bilmişəm mən səni?
Ayrılıqdı məni vaxtsız qocaldan,
Saçlarıma dən bilmişəm mən səni.
Ömür gedir, zaman gedir, tələsim,
Yaralıyam, nə ünüm var, nə səsim,
Səndən ayrı gedib-gəlmir nəfəsim,
Bir ikinci mən bilmişəm mən səni.
Eləmişəm həsrətini yerbəyer,
Amma mənə həsrətində yoxdu yer,
Heç olmasa Səməndərə dəyər ver,
Öz eşqimə tən bilmişəm mən səni.