Salam  Sarvan - Yuvam dimdiyimdə gəzirəm hələ…

Ədəbiyyat 14:27 / 14.07.2026 Baxış sayı: 391

 

Yuvam dimdiyimdə gəzirəm hələ…

Sənsiz yer də yoxdu, dərbədər mənə

Gəl e, gəl qırılıb qırağa düşmüş

o qol budağımdan meyvə dər mənə.

 

Bilmirəm keçirim hansı halını –

Oynayım toyuna, batım yasına?..

Hər gün neçə məktub yazıb cırıram,

cırıb tullayıram… poçt qutusuna.

 

Gözləməkdən gözüm çuxura düşüb,

gör heç soruşursan, nə çöküntüdü?

Sənli xatirələr dağılıb evə –

bağışla, otağım tör-toküntüdü.