Fərhad Tapdıqoğlu - Kəlamlar
Danışmağı bacarsa da lal olan,qulağı eşidə -eşidə kar olan adamın gözləri görsə də kordur.
Qəlbi kordu...
=
Şoranlıqda toxum cücərmədiyi kimi,kin -küdurətli ,xain,paxıl insanların qəlbində sevgi bitməz.
=
Suyun üzünə yazı yazdın ,yaxud qulaq asmayana öyüd-nəsihət verdin...hər ikisi mənasızdır...
=
Ayağının sürüşməməsi üçün sürüşmə məkanından uzaq durmalısan.
=
Unutqan adam laqeyd adamdır,diqqətsiz adamdır,biganə adamdır,yaxşılıq anlamayandır.
=
Əgər pulun yoxdursa,yaxud səndən asılı bir işləri yoxsa,insanlar sən danışanda susub,özlərini dinləyənlər kimi göstərəcəklər.
=
Özünə inamın ,gücün nə qədər çox olsa da,etibar etdiyin bir kimsənin olması çox önəmlidir,mütləqdir...
=
Özünü əlçatmaz hesab eləmə!
Unutma ki, ağacın əlçatmayan yerlərindəki meyvələri qarğa-quzğun yeyir.
=
Qılıncdan iti baxışdansa, bir kəsərli sözün ola.
=
Əgər bir insanın həyası azala-azala ,həyasızlaşırsa,deməli onun günahları arta-arta gedir.
=
Ağzı göyçəklər ( "ağzıgöyçəklər") siması,ağlı,düşüncəsi,əxlaqı göyçəkləri bəyənməzlər.
=
Bir şirinin xətrinə yüzlərlə acı yemək həmişə xeyir gətirmir...
Həyatın boyu acıları həzm edirsən,şirinə əlin çatmır...
=
Var düşünüb-daşınıb,danışanlar...
Bir də var düşünüb-daşınıb,daşıyanlar...
P.S.Xaricə daşıyan məmurlar.
=
"Dişin batmırsa" ,girişmə!
Dişlərini sındırmağın cəhənnəm ,başını itirərsən,batlrarsan.
=
Anadangəlmə karın qulağına hikmətli sözlər deyən kəsin ağlından söhbət gedə bilməz ...
=
Soyuq da,şaxta da kəsir insanları...
Saxtakarlıq da,şaxta da...
Birincisi soyuq aylarda olur.
İkincisi ilboyu.
Birincisindən qalın geyinməklə qorunursan...
İkincisi ömrümüzü kəsir,ömrümüzü...
=
Arxın suyu kəsiləndə bənd-bərəni yoxlaya-yoxlaya,gedib dəhnəyə çıxırlar.
Dəhnəniz dağılmasın,çeşməniz qurumasın!
=
İçim özümü yandırmaqla davam edir...amma çölüm daha özgəni yandırmır...
Yaş o yaş deyil ,axı?!
=
Əvvəllər qorxudan "siçan deşiyi" axtarardılar...
İndi bilmək olmur ki,qorxanlar yoxdur,yoxsa boş "siçan deşiyi " qalmayıb?...
=
Təəsüf ki,zamanla ayaqlaşa bilməyənlər günahı özlərində deyil,zamanın sürətində,onun tez ötüb keçməsində görürlər.
=
Çulumuzu sudan birtəhər çıxarıb,suyu süzülə-süzülə ,kor-peşman gəzib yaşadığımız günlərimiz də olub...var...
yenə olacağı istisna deyildir...
=
Xoş,ürəkaçan günlərimə yenə çor dəyib,canlarına azar dolub.
=
Həyatda hər şeyin ( canlı,cansız) gözləri var.
Sadəcə o gözləri ,ürəyinin və ağlının gözləri ilə baxsan ,görərsən...
=
Bizdə olan hər hansı bir əşyanı özgələrinə verməmək üçün çox vaxt bəhanə kimi işlətdiyimiz kəlmə:"mənim deyil,baçqasınındır".
=
"Qarnı( içi) qurdlu meyvələr- meyvələrin yaxşısı.
Qarnı qurdlu adamlar - adamların pisi.
P.S.Meyvələrin yaxşısına qurd düşər.
=
Bir var "duza gedən adam"...
Bir də var Masazır gölünə duz yığmağa gedən adam...
=
Təzyiq altında səhvlərini etiraf edən adam haqqında "düz yola qayıtmışdır" -deyə düşünmək ,ən azı sadəlövhlük olardı.
=
Danışmaq ,öz sözünü deyə bilmək üçün dil,dodaq,ağız...kifayət eləmir.
Gərəkdir mübariz olasan ,qorxmaz olasan,ürəkli olasan...
=
Tək yaşasan da,səni sevənlərin varsa ,tənha deyilsən,yaşamağa dəyər.
Tək yaşamayıb,sevilmirsənsə,bu tənhalıqdır,bu faciədir.
=
İnsanın başına gələn faciələrin əksəriyyəti "qorxma,heç nə olmaz" düşüncəsindən ,laqeydlikdən yaranır,baş verir.
=
Dərdlərim də ağ eləyib,şitini-şorunu çıxarıblar...
=
Həyatda qolumdan tutub gedənlərin sayı ,qolundan tutub getdiklərimin sayından qat-qat çoxdur.
Nə yaxşı ki,elədir.
=
Hər açıq gördüyün qapıdan içəri soxulma.
Üzünə açılan qapılardan keç.
=
İnsanın "yarı " olan ,"yarısı" olan illərdən sonra onun üçün "yara" olursa ,bu artıq dözülməzdir,faciədir.
=
Sevincimin zəmisini dərdlərim biçib ,daşıdı...başağı da qalmadı...
=
"Sərxoş başda ağıl olmaz"- deyiblər.
Məncə "ağıllı başı olan da sərxoş olmaz".
=
Hündürmərtəbəli bina da var...hündürmərtəbəli söyüş də...tərif də...
=
Elə məqamlar olur ki, bəzən gözlərinlə aşkar gördüklərini inkar etməli olursan,işin xeyrinə edirsən.
=
İnsan kimi yaşaya bilmirsənsə,qoyun kimi qurbanlıq ola bilərsən ...
=
Vaxtilə "çullarını sudan güclə çıxaran " insanların indi kürklərinə ( dublyonkalarına) su da dəymir,qupqurudur.
P.S.Kürklərinə birə düşməsi ehtimalı var.
=
Şad,sevincli günlərimdən uzun müddət bir xəbər olmadığından "itkin düşmüş " hesab edilsin.
=
Bizim unutqan olmağımız yaltaqlıqla eyni dərəcədə təhlükəlidir .
Odur ki,təhlükə başımızın üzərindən heç vaxt sovuşmayacaq.
=
Əvvəllər kitablara üz çəkib,onu korlanmaqdan qoruyardılar.
İndi oxunmayan kitabları qorumağa ehtiyac yoxdur.
=
Bəzən bizi soyuqdan qoruyan paltolar,köhnələndə ayaqlar altında şəlpə kimi istifadə olunur.
=
"Ağıllı ol"- deməklə insan ağıllansaydı,dünyada ağılsız adam qalmazdı.
=
Kiçik cinayətlər isti-isti açılır,böyük cinayətləri açmaq üçün isə zaman,şərait gərəkdir .
Çünki bu cinayətləri adətən ,əksər hallarda böyük vəzifə daşıyan insanlar törədirlər .
=
Mobil operatorlar da var,mobil telefonlar da,çoxlu sayda telefon nömrələri də...elə bizə nömrə gələnlər də...
=
Dərdim bərk xəstələnib, halı pisdir,boğazından bir damcı su da keçmir.
=
Silahın varsa ,o sənin güclü olduğunun göstəricisi deyildir.
Ağılla güc bir yerdə möhtəşəm olur.
"Ağılsız güc işıqsız göz kimidir".
=
İnsanlıq səviyyəsindən aşağı düşən insan ,alçaqlığa yol alıb,gedir.
=
Başları gündəlik yemək-içməyə qarışan ( çox zaman müftə) insanlar sırasında ürək dostlarının olması məncə ağlabatan deyildir.
=
Əgər özlərini "dost" hesab edən iki insan arasında qarşılıqlı diqqət yoxdursa,hörmətdən,etibardan,inamdan...söhbət belə gedə bilməz.
Bu nə dostluq,nə də yoldaşlıqdlr.
=
Tanışların olan iki nəfər söhbət etdiyi zaman ,sən onlara yaxınlaşanda ,danışıqlarına ara verirlərsə ,düşünmədən oradan uzaqlaşmalısan...mane olursan...
=
Əgər sən xöşbəxt olmaq üçün mübarizə aparmağa qətiyyətli deyilsənsə və inamın da yoxsa,çətin ki,xöşbəxt olasan.
=
Öz şəxsi fikri,düşüncəsi olmayan "tutuquşu " kimi başqalarının dediklərini təkrarlayanlardan nəsə faydalı iş gözləmək inanılmazdır.