Saqif Qaratorpaq - Özünü sahilə çırpan
***
Özünü sahilə çırpan
Dənizdi ürəyim bu gecə,
Ayaq səsini eşidincə susar,
Dönər quzuya.
Sən yazan yazıya
Qələmdi barmaqlarım,
Nəğmə oxuyur sonsuzluğa...
Çətini “A”-nı yazmaqdı,
Ürək işidi birinci addım.
Sonra ardınca hamısı gələr,
“Z”-yəcən.
Dodaqlar sözsüz də
Danışa bilir...
Nələr dediyini sonra deyəcəm...
Küskünlüyün bitdiyi yerdəyik,
Ümidsizliyə nöqtədi baxışlar.
Kimliyimi soruşmur kipriklərin...
Pozulan sərhədlərin
O tayındadı əllərim.
Başım üstə göy yox,
Ayağım altdan yer qaçıb,
Neçənci qatındayam hududsuzluğun?
Nə fərqi?
Düşünmə...
Sus...