Ağaevli Əli Hacı - Elə öləsən,öləndə

Ədəbiyyat 11:30 / 10.09.2026 Baxış sayı: 245

Elə öləsən,öləndə

Nə göy bilə,nə yer bilə !

Gedəndə qəm öldürəsən,

Qəmindən sevinc dirilə !

 

Eşqi,qəlbi yalın oldun,

Demək sən də yalan oldun !

Ev tikib,yurd salan oldun

Kimsəsizə bir yer elə !

 

Dünyadı öz evini qur,

Yuxundan su üzünə dur !

Elə xərclə ki,el durur

Əməlindən bar dərilə !

 

Vaxt da atın çapıb gedir,

Taxt da altdan qopub gedir!

Bəxt adamı Şah,qul edir

Nəfsə ömür ver,var elə !

 

Sel gələndə çop aparır,

Yel ağacdan sap qoparır !

Hər kəs özün sözdə tapır,

Tanrıda-söz,söz zər elə !

 

Elə öləsən,öləndə

Nə göy bilə,nə yer bilə !

Gedəndə qəm öldürəsən,

Qəmindən sevinc dirilə !