Saqif Qaratorpaq - Mən çətin adamam,mənim yanımda
Mən çətin adamam,mənim yanımda
Hünərdi sonacan dözüb dayanmaq.
Bir eşqin oduna səssiz-səmirsiz
Hər gün korun-korun gizlicə yanmaq...
Mən çətin adamam...yaz havası tək
Bir anda əhvalım dəyişə bilər.
Ürəyim kəpənək qanadı kimi,
Bircə acı sözdən xal düşə bilər.
Nə olar,aldanma şeirlərimə,
Kövrəlmə kədərli misralarımdan.
Mənim günlərimin baharı ötdü,
Nəfəsin buz tutar qəfil qarımdan.
Məndə sevincin də tamı başqadı,
Sarılma qüssəyə,batma qəmə, gəl!
Dayanma,bilirəm,yolun uzaqdı.
Dərdimi özünə yük eləmə,gəl!
Hələ kül altında gizlənən közəm,
Demə tüstüləyib sönər bu ocaq.
Mən çətin adamam...üzüm dönməsin,
Dönsə,barışmağım müşkül olacaq..