Bəhruz   Niftəliyev - Yay yağışı qısa olar

Ədəbiyyat 15:25 / 29.06.2026 Baxış sayı: 335

Yay yağışı qısa olar,

İndi yaman uzun çəkir!

Öpmək üçün can atıram,

Yar yavaşca üzün çəkir!

Sən Allahın xoş bəndəsi,

Baxıb sənə özün çəkir.

Qəlb daşıyır, ruh yorulur,

Nə çəkirsə, dözüm çəkir.

İndi mən də üzündəki

Qəmzələrə tamarzıyam.

Yıx sədləri, sərhədləri,

Tanrı, səndən narazıyam!

Nə ayıldım, nə ayrıldım,

Həsrət oldu ömrümə tən.

Bil, bu qədər yalvarsaydım,

Dinə gələr yoldan ötən!

Bir bu qədər doğmaların

İçində mən yada döndüm.

Baxışların buz olandan,

Bağrı yanan oda döndüm.

Yağışlar da üsyan edir,

Çırpır özün yer üzünə.

Yadındadı, əriyərdim,

O astaca yerişinə?!

Çətir qalsın gözdən iraq,

Öpüş yeri izdən iraq,

Əsəbləşsin Tanrı, neynim?

Bizdən iraq, bizdən iraq!

Niyə belə yaratdın ki?

Tanrı, həyat umandım mən!

Heç Allah da səhv eyləyər?

Utandım mən, utandım mən!

Dözümmü mən, susummu mən,

Əllərimi üzümmü mən?

Ətəyindən tök daşları,

Yollarıma düzümmü mən?!

Hamar olsun cığırlarım,

Bəlkə yara yetə bildim.

Yaşamağı bacarmadım,

Yar qoynunda ölə bildim?!

Axı abrım yerindədi,

Yox boğazdan çığırmağım.

Sükutumu eşit, Allah!

Ordasanmı, çıxım baxım?!

Hər nə isə, əlini ver,

Tutum, səndən qalxa bilim.

Öləndə də məğrur, mətin

Gözlərində qala bilim!

Yağışlar da üsyan edir,

Çıxıb gedir buludundan.

Tanrı, mənə bircə ovuc

Bəxş edərsən ümidindən?

Tutum, qalxım göy üzünə,

Göy üzündə bulud olum.

Tanrı, yola gedənməsək,

Yağış olum, yağış olum!

28.06.2026