Aləmzər Sadıqqızı - Yenə gözlərindən suallar yağır...

Ədəbiyyat 11:00 / 29.06.2026 Baxış sayı: 1608

Yenə gözlərindən suallar yağır...

Yenə yaş qonubdu yanağın üstə...

Yenə sətir-sətir,söz- söz yağırsan,

Yaşı qurumayan varağın üstə...

 

Yapışıb durmağa bir dayağın yox..

Baxıb öyünəsi səs-sorağın yox...

Bir ayaq gedəndə,bir ayağın yox...

Yıxılıb durmısan ayağın üstə!

 

Həyat dən-dən yağıb telin üstünə

Haçan bir əl qonub əlin üstünə?

Həyat min dərd yığıb belin üstünə...

Ölürsən ömürtək qonağın üstə!

 

Aləmsən başından gör nələr keçib,

Günlərin ötüşüb əsrlər keçib...

Ömründən min düyün ,ilmələr keçib...

İndi yeriyirsən yumağın üstə