Sabir  Zəkullaoğlu - Dövləti, xalqı idarə edən

YAZARLAR 10:40 / 29.06.2026 Baxış sayı: 629

Dövləti, xalqı idarə edən, yönəldən onun hökumətidir.

Hər nə qədər hakimiyyətin mənbəyi xalqdır desələr də, hakimiyyətlər çox vaxt xalqın istəyini ifadə etmirlər. Hətta demokratik yolla hakimiyyətə gələn qüvvələr belə, hakimiyyətə gəldikdən sonra xalqın iradəsini ifadə etməyə bilirlər. Xüsusilə xarici siyasətdə.

Ümumiyyətlə, xalqın seçimi bir çox hallarda yanlış ola bilir.

İllah da ki, o xalq cəhalət və fanatizm girdabından çıxa bilmirsə.

Hakimiyyət kütlə təfəkkürü ilə dövləti idarə edərsə, o dövlət çox keçmədən parçalanıb xarici qüvvələrin vassalına çevrilər.

Bu gün Azərbaycan cəmiyyətində hiss olunacaq dərəcədə parçalanma gedir. Bu, daha çox sosial şəbəkələrdə açıq şəkildə özünü göstərir.

Ən təəccüblüsü və təəssüf doğuran hal odur ki, bu parçalanmış kütlələrin heç biri Azərbaycan dövlətinin yanında deyil.

Böyük bir qismi şiəçilik dininin, dolayısı ilə fars molla rejiminin, digər bir qrup isə İsrailin tərəfdarı kimi mövqe tuturlar.

Ən təhlükəli və yararsız adam mövqesiz adamdır. İnsanların hər hansı bir məsələ ilə bağlı münasibət bildirməsi normaldır. Ancaq bu mövqe rasional olmalıdır.

Təbii ki, mən də bu məsələlərə laqeyd deyiləm və düşünürəm ki, biz ətrafımızda baş verən proseslərə öz dövlət və milli maraqlarımız kontekstindən baxmalıyıq. Kimliyindən asılı olmayaraq, hər hansı bir hökumət başçısını və ya qüvvəni bu gün tam dəstəkləyib, sabah tamamilə əksinə gedə bilərik, əgər o, bizim maraqlarımızı təmin etmirsə.

Bu gün hətta bizə qardaş olan Türkiyə hökuməti belə bizim milli maraqlarımıza cavab verən siyasət yürütməzsə, biz buna etiraz edə bilərik. Bu nəinki normaldır, hətta bu, bizim təbii haqqımızdır.

Yox, əgər bunun tam əksi olaraq, bizə düşmən olan Ermənistan hakimiyyəti bizim xeyrimizə siyasət yürüdərsə, bizim buna qarşı çıxmağımız doğru olmaz.

Yəni biz hər vaxt öz dövlət maraqlarımızdan yola çıxmalıyıq. Bizim yanımızda olan bizim dostumuzdur. Bu qədər sadə. Və bu münasibət nəinki zamanla, hətta günbəgün dəyişə bilər.

Məsələn, mən dünən İsrailin baş naziri Binyamin Netanyahu dəstəkləyirdim. Çünki Vətən müharibəsində İsrail dövləti bizim yanımızda idi. İsrail hakimiyyəti bütün gücü ilə həm media sahəsində, həm də hərbi əməkdaşlıq baxımından bizi dəstəkləyirdi. Əlbəttə ki, mən ona təşəkkür etməli idim. Bu, mənim həm də borcum idi.

Bəli, bu gün gündəm dəyişib. Mən dünəndə qala bilmərəm. Bu gün İsrail hakimiyyəti Türkiyəni "erməni soyqırımı"nda ittiham edir və mən buna görə İsrail hökumət başçısını şiddətlə qınayıram. Və yeri gəlmişkən, bu, İsraildən daha çox ABŞ-ın mövqeyidir. Ancaq bu, başqa mövzunun söhbətidir.

Bu günün mövzusu budur: cəmiyyət iki yerə bölünüb. İsrail tərəfdarları qarşı tərəfi İrana trolluq etməkdə, molla tərəfdarları isə əks tərəfi İsrailə trolluq etməkdə qınayırlar. Özümüz özümüzə düşmən kəsilmişik. Mənasız və məhəllə səviyyəli davranış. Yazıqlar olsun!

Son olaraq sadəcə onu demək istərdim ki, insan ona verilmiş bu kiçik ömrü gərək faydalı yaşasın, mənasız, barsız işlərə xərcləməsin...