Sabir Zəkullaoğlu- Bizdə hər şey kəllə mayallaqdır.
Bizdə hər şey kəllə mayallaqdır.
Elə götürək ailə qurmağı. Hər kəs ailə quranda toyunu yazda, xüsusilə də yayda eləmək istəyir.
Ay kişi, yayın günündə adam evlənər?
İsti bir yandan, tər, toz da o biri yandan...
İllah da bizim ölkəmizdə!
Zatən yayda Azərbaycanda havanın temperaturu ortalama 40-45 dərəcəyə qədər yüksəlir.
Təsəvvür edin bu istidə bəy qara kostyumda, gəlin də ağır bir gəlinlikdə..
Hələ bu istidə gəlinin üzündəki makiajın əzablarından danışmaq istəmirəm...
Dəfələrlə toyda qonaqların yeməklərdən zəhərlənməsi faktını demirəm...
Məqsədim bəyin gününə ağlamaqdır...
Toy prosesində baş verənlərə dözmək olar. Əsas həngamə toy bitəndən sonra başlayır; toydan sonrakı prosesə nəzər salsaq görərik ki, adına toy dediyimiz bu mərəkədə bəylə gəlini əməlli başlı imtahan gözləyir.
Belə ki, bəylə gəlinin həm də yayın istisini hesablasaq ortaya aşağıdakı mənzərə çıxır:
Havanın temperaturu 40 dərəcə...
Bəylə gəlinin ümumi bədən temperaturu toplam 74 dərəcə...
Ümumi əmsalı toplasaq, 74, o da 40.
Cəmi eləyir 114.
Təsəvvür edin, 100 dərəcədə artıq su qaynayır. 114 isə artıq metallurgiya, poladəritmə sənayesinə aid olan bir havadır...
Bəylə gəlinin halını qoyuram bir qırağa.
Bu temperaturda təməli qoyulan uşağın sağlamlığı da sual altındadır...
Odur ki, yayda toy etmək doğru əməl deyil.
Toy etmək üçün fəsillərin ən münasibi, qış fəslidir.
Hava soyuq, bədən isti.
Ev də ki, bum-buz!
Zatən təqvim dəyişəndə işığa, qaza qoyulan limit qışa gəlib çatmır. Elə payız düşən kimi limit bitir.
Bir də ki, axı o istiliyə heç ehtiyac da qalmır. Gənclərin özlərinin təbii istiliyi həm canlarını, həm də otağı qızdırmağa kifayət edir.
Bu da ailənin həm mənəvi, həm də maddi durumuna dav öz müsbət təsirini göstərmiş olur.
Di ya Allah; atıq qış qapını kəsib, toy eləməyin vaxtıdı