Bəsti Cəfərzadə - PAYIZ VƏ QIŞ

Ədəbiyyat 21:00 / 27.11.2026 Baxış sayı: 1088

 

 

Getdi günəşli çağlar,

Soldu gülşənli bağlar.

Yer üzün qəmgin görüb

Doldu kövrək buludlar.

 

Təbiət saraldıqca

Buludlar yas saxladı.

Ağac tökdü yarpağın,

Gülü soldu yaylağın.

 

Soyudu hava necə

Şaxtalar oldu gecə.

Sobalar yandırıldı

Yenə günəş gəlincə.

 

Düzləri meydan bilib

Küləklər at oynatdı.

Sərt küləyin səs-küyü

Körpələri oyatdı.

 

Gecə səhərə kimi

Külək əsdi, qar yağdı.

Qaranlıq gecələrdə

Hər bir tərəf ağardı.

 

Səhər işıqlaşanda

Baxdıq çölə aynadan.

Hər tərəf ağappaqdı

Qar yağırmış bayaqdan.