Ay Bəniz Əliyar - Hardasa uzaq limandan
Hardasa uzaq limandan
Gələcək mənim də gəmim.
Doğmadan doğma sirdaşım,
Yaxından yaxın həmdəmim.
Alacaq məni qoynuna,
Boz sularda batıracaq.
Dalğa-dalğa oyadacaq,
Ləpə-ləpə yatıracaq.
Gün doğanda bərq vuracaq
Göy sularda göyərtəsi.
Xoşbəxtliyin qucağında
Heyran edəcək hər kəsi.
Məni göstərəcək, məni,
"Eşq nədir?", sorsanız kimdən.
İşıq tutacaq qəlbimi,
Ruhum arınacaq qəmdən.