ÖLÜMLÜ ŞEİR - SÜLEYMAN ABDULLA

Ədəbiyyat 12:38 / 27.11.2026 Baxış sayı: 871

 

Yaşadıq, o yaşa dolmadı, amma,

Görmədim taxtında fironu, öldüm.

Özünün xəbəri olmadı, amma,

Mən onu yaşadım, mən onu öldüm.

 

Gərdim qışda sinə yelə, soyuqdu,

Əhsən, necə dözdün belə, soyuqdu.

Ah, elə soyuqdu, elə soyuqdu,

Açılmaz gözünün sərt donu, öldüm.

 

Sandım ki çox tezdir, hələ vaxta var,

Məndə səbir çoxdur, onda ixtiyar.

Mən payız adamam, o isə bahar,

Var imiş hər fəslin bir sonu, öldüm.