Şahnaz  Şahin-  Getmədi

Ədəbiyyat 11:10 / 13.11.2026 Baxış sayı: 791

 

Elə dedim keçib gedər,

Bu azar keçib getmədi.

Əlində badə gəlmişdi,

Nəydisə, içib getmədi.

 

Getdi bu yolun başına,

Qayıtdı qalın başına.

Düşdü kimin qarğışına,

Quş idi, uçub getmədi.

 

Dodağı üzümə dəydi,

Qadağa dizimə dəydi.

İlahi, bu sevda nəydi,

Vurdum da qaçıb getmədi.

 

Yosun tək dolaşdı mənə,

Uşaq tək alışdı mənə.

Bəy kimi yaklaşdı mənə,

Gəlin tək köçüb getmədi!

Elə dedim keçib gedər,

Bu azar keçib getmədi...