Aida Adıgözəl - Unudulmuş tənha ruhlar
Hərdən soruş məni bağlı qapıdan,
qaranquş yuvalı tozlu eyvandan,
dəstəyə keçrilib yazısı itmiş
haçandansa qalmış köhnə qəbzdən.
Pərdəsi qaralmış hörümçək torlu,
dəmir barmaqlıqlı pəncərələrdən...
Hərdən otağa gir, evə də baş çək,
göz gəzdir ətrafa, zəngli saata,
gör saat səkkizdə yenə vururmu?
Dolabları dağıt, eşib səpələ,
gör o çox sevdiyim yaşıl pijama
həmin siyirmədə hələ dururmu?
Hərdən soruş məni boş çərçivədən,
masanın küncünə niyə atılmış,
soruş, içindəki şəkillər hanı?
Hərdən yadına sal, hərdən xatırla,
nişan üzüyünün üstü pozulub
hansısa zərgərə niyə satılmış?
Hərdən soruş məni kirli yataqdan,
niyə səliqəsiz, niyə çirklidir?
Onu kim unudub yığışdırmayıb?
Çoxdandı üstündə yatmıram deyə
təmiz görünməyi güllü mələfə
inciyib özünə sığışdırmayıb?
Hərdən soruş məni... kimdən kimsədən...
Hərdən soruş məni... heç çəkinmədən!