Saqif Qaratorpaq - Sən özün bitməsən də,səni də bitirərlər

Ədəbiyyat 11:50 / 13.11.2026 Baxış sayı: 1338

 

 

***

Sən özün bitməsən də,səni də bitirərlər,

Pıçıldayıb deyərsən,bu da hər şeyin sonu.

Ha isitsən əriməz saçlarına yağan qar,

Ha hovxursan açılmaz sınıq qəlbinin donu.

 

Unudulmuş sahilsən axşam qəribliyində,

Bir sənsən,bir təkliyin…hamı getmiş evinə.

Tərpəndikcə qanayır sinəndəki yaralar,

Ayrılıq bıçaq kimi elə batır dərinə.

 

Gecə saat üç olar,itirmisən huşunu…

Oyanmısan,bir sənsən,bir də soyuq dörd divar.

Əlinlə yoxlayarsan,yerindədir ürəyin,

Bir də ölüm sükutu,bir də quduz ağrılar…

 

Buza dönüb alnında puçurlayan soyuq tər,

Heyin də yox, bir dəfə əllərinlə silməyə.

Bir acı xatirənin payızında itmisən,

Yol tapmırsan ömrünün baharına gəlməyə.

 

Otaq yaman istidi,tərləyib pəncərələr…

Açarsan,yazın ətri bihuş edir adamı.

Sonra gedib çaydanı qoyarsan qazın üstə,

Beləcə uzadarsan ömür adlı edamı…